Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH
Təhlil
23.09.2025 14:59
"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafı, müxtəlif razılaşmaların əldə olunması baxımından böyük əhəmiyyət kəsb edir".
Siyasi şərhçi Sultan Zahidov bu sözləri TodayPress TV-yə danışarkən deyib.
Ekspert vurğulayıb ki, BMT Baş Assambleyası dövlətlərin öz məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması üçün ən mötəbər platformadır.
"Artıq səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ruminiya, Efiopiya və Surinamın xarici işlər nazirləri ilə görüşlər keçirib. Surinamla diplomatik və xidməti pasportlar üçün viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalanıb. Eyni zamanda, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Kaya Kallasla mühüm görüşlər baş tutub".
Analitik həmçinin bildirib ki, səfər çərçivəsində vacib iqtisadi əlaqələr qurulacaq:
"Prezident İlham Əliyev həmçinin bir sıra iri şirkətlərin rəhbərləri ilə görüşərək ölkəyə investisiya axını və regionun quruculuq işləri ilə bağlı razılaşmalar əldə etməyə çalışıb. BMT tribunasından Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpası, Ermənistanla sülh prosesi və Zəngəzur koridorunun geosiyasi əhəmiyyəti kimi mövzuların vurğulanacağı da gözlənilir".
Sultan Zahidov qeyd edib ki, Azərbaycan uzun illərdir balanslı xarici siyasət yürüdür, heç bir blokun üzvü deyil və bütün istiqamətlərdə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq aparır. ABŞ ilə avqustun 8-də imzalanan razılaşma strateji tərəfdaşlığı möhkəmləndirir. Eyni zamanda qlobal güclərlə aparılan danışıqlar Azərbaycanın balanslı siyasətini göstərir.
Onun sözlərinə görə, Azərbaycan həm iqtisadi əlaqələrin gücləndirilməsi, həm də bloklara qoşulmamaq siyasəti ilə ölkənin sabitliyini, inkişafını və təhlükəsizliyini təmin edir.
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının
Nyu-York şəhərinə səfər ediblər.
Jalə Rövşən
tag: Sultan Zahidov,Politoloq,Azərbaycan,BMT,Todaypress.tv,
