Ağ Evin Rusiya siyasətində YENİ STRATEJİ DÖNÜŞÜ

Təhlil

17.06.2025 16:57

“ABŞ prezidenti Donald Trampın Rusiyanın G8-dən çıxarılmasını səhv addım adlandırması, Ağ Evin Rusiya ilə bağlı mövqeyində ciddi dönüşlərin olduğundan xəbər verir”. 

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Respublikaçılar administrasiyası Rusiyaya qarşı beynəlxalq təcrid siyasətindən uzaqlaşaraq, Moskva ilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmaq istəyir.

“Bu yeni strategiyanın hədəfi təkcə Rusiya ilə əməkdaşlıq deyil, həm də onun Çinə olan asılılığını azaltmaqdır. Tramp administrasiyası Rusiyanın Pekinlə strateji ittifaqının güclənməsinə qarşı çıxaraq, Qərbin, xüsusilə ABŞ-nin qlobal mövqeyini möhkəmləndirəcək razılaşmalar əldə etmək niyyətindədir. Trampın son açıqlamaları isə bu istiqamətdəki taktiki addımları ortaya qoyur. Ukrayna münaqişəsi fonunda ABŞ-nin Rusiyayla dialoqa açıq olması, ən azından minimal məqbul nəticələrin əldə olunmasına yönəlib. Bu nəticələrə Ukraynada atəşkəs, ölkənin neytral statusunun qorunması və Avropa İttifaqının təhlükəsizlik narahatlıqlarının nəzərə alınması daxildir”.

Analitikin fikrincə, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan danışıqlar göstərib ki, ABŞ Rusiyanı "kiçik tərəfdaş" kimi görür və əməkdaşlığın tam kəsilməsi ilə Qərbin Çin və Qlobal Cənub arasında yeni güc mərkəzləri yaratmaq riskinin artacağını hesablayıb. Bu strategiya Rusiyanı həm Çindən uzaqlaşdırmaq, həm də gələcəkdə neytral mövqedə saxlamaq məqsədini güdür.

“Nəticə olaraq, Tramp administrasiyasının Rusiyayla bağlı yeni yanaşması həm qlobal güc balansını dəyişmək, həm də ABŞ-nin beynəlxalq arenadakı üstünlüyünü möhkəmləndirmək üçün atılmış məqsədyönlü addımdır”, - deyə politoloq diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı çıxış edərək Rusiyanın G8-dən çıxarılmasını səhv addım adlandırıb. O bildirib ki, Rusiya G8-də olsaydı, hərbi əməliyyatlara başlamazdı.

Töhfə Səməd

tag: Zaur İbrahimli,Politoloq,ABŞ,Rusiya,Todaypress.tv,

photo