Arzu Nağıyev: “Azərbaycan-Türkiyə hərbi anlaşması zəruri addım idi”

Təhlil

23.07.2025 20:10

“Azərbaycan-Türkiyə hərbi anlaşması bölgədəki güc balansını bərpa etməyə yönəlib”. 

Milli Məclisin deputatı Arzu Nağıyev bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında imzalanan “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə keçidini simvolizə edir. 

“Bu sənəd təkcə hərbi məsələləri deyil, həm də kəşfiyyat məlumatlarının koordinasiyası, birgə təlimlərin təşkili, silah və sursatın mənimsənilməsi, NATO standartlarının Azərbaycan ordusunda tətbiqi və digər strateji sahələri əhatə edir. Bu, ordu səviyyəsində dərin əməkdaşlıqdır”.

Millət vəkilinin fikrincə, anlaşma beynəlxalq ictimaiyyətə də açıq mesajdır. Belə ki, bu sənədlə rəsmi Bakı bir daha bəyan edir ki, Azərbaycan tək deyil, onun arxasında Türkiyə kimi güclü müttəfiqi var. Hərbi təhdidlər fonunda bu, çox aydın və cəsarətli bir siqnaldır.

Parlamentari diqqətə çatdırıb ki, Cənubi Qafqazda son dövrlərdə yaranan güc balansının pozulması və müəyyən aktorların, xüsusilə də Rusiya və İranın bölgədəki aktivliyi fonunda belə bir sənədin imzalanması zəruri və məntiqli addımdır:

"İranın Rusiya ilə strateji yaxınlaşması, Ukrayna müharibəsində göstərdiyi dəstək və İsrailə qarşı yönəlmiş çıxışları artıq regionda balansı pozub. Belə bir şəraitdə Azərbaycan və Türkiyənin birgə hərbi addımları sabitliyə töhfə verir".

Deputat əlavə edib ki, bu memorandum həm də Azərbaycanın təhlükəsizlik siyasətindəki dönməzlik prinsipinin davamıdır.

“Ali Baş Komandan, Prezident İlham Əlyevin rəhbərliyi ilə həyata keçirilən təhlükəsizlik doktrinası ardıcıl şəkildə icra olunur. Bu istiqamətdə Türkiyə ilə birlikdə hərəkət etmək Azərbaycanın sabitlik strategiyasının mühüm dayağıdır. İmzalanan memorandum yalnız bugünkü geosiyasi gərginliklərə cavab deyil, eyni zamanda gələcəkdə bölgədə sülhün və sabitliyin təminatı baxımından strateji baza rolunu oynayacaq", - deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 22-də “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb. Görüş əsnasında “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb.

Töhfə Səməd

tag: Arzu Nağıyev, Deputat, Azərbaycan, Türkiyə, NATO, todaypress.tv,