Makronun çıxışı Yelisey Sarayında nəyi dəyişəcək? - PROQNOZ

Təhlil

08.10.2025 18:59

Fransa Prezidenti Emmanuel Makronun xüsusi açıqlama ilə çıxış edəcəyi gözlənilir. Bu çıxış hökumət böhranı fonunda Baş nazir Sebastien Lekornuya siyasi qüvvələrlə məsləhətləşmək üçün verilən 48 saatlıq müddətin bitməsi ilə üst-üstə düşür.   

Mənbələr bildirir ki, Makronun Senat spikeri Jerar Larçer və Milli Assambleya prezidenti Yael Bron-Pivet ilə keçirdiyi görüşlər parlamentin buraxılması ehtimalını gücləndirib. Fransa Konstitusiyasının 12-ci maddəsinə əsasən, belə məsləhətləşmələr Milli Assambleya buraxılmazdan əvvəl aparılmalıdır.

Yeni hökumətin tərkibinin açıqlanmasından cəmi bir gün sonra Lekornunun istefası və müxalifətin kəskin reaksiyası Yelisey Sarayında vəziyyəti daha da gərginləşdirib. 

Maraqlıdır, Makronun çıxışı Fransadakı vəziyyəti dəyişə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, son iki il ərzində beş baş nazir dəyişən Fransa parlament seçkilərindən sonra siyasi baxımdan qeyri-sabit vəziyyətə düşüb. Nə sağ, nə də sol partiyalar hökumət formalaşdırmaq üçün zəruri parlament çoxluğunu təmin edə bilib. Hətta sağ millətçi Marin Le Penin həbsi belə siyasi qüvvələr arasında səs balansını dəyişməyib və üstünlük yaratmayıb.   

“Hazırkı vəziyyət prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Renaissance” partiyasının nüfuzunun ciddi şəkildə zəiflədiyini göstərir. Bu həm də onun siyasi səhnəni tərk etməsinin artıq vaxtının çatdığını nümayiş etdirir. Makronun “məsuliyyəti öz üzərinə götürməsi” ehtimalı da mövcud durumu dəyişməyəcək. Əslində, məsələ daha dərindir. Avropa İttifaqı və NATO ilə Rusiya arasında artan gərginlik, həmçinin potensial hərbi qarşıdurma fonunda Fransa Avropanın lider dövləti kimi məsuliyyətdən yayınmaq üçün bu kimi “hökumət böhranı” ssenarilərinə əl atır”, - deyə ekspert diqqətə çatdırıb.

A.Qasımov sonda əlavə edib ki, rəsmi Paris bu yolla özünü qeyri-sabit və qərarsız göstərərək Avropa İttifaqının problemləri ilə Almaniyanı üz-üzə qoyur. 

Qiymət Mahir

TodayPress TV

tag: Makron,Fransa,Azər Qasımov,Saray,Todaypress.tv,

photo