Ekspert: "TDT-də hərbi əməkdaşlıq regionun təhlükəsizlik balansını gücləndirir"

Təhlil

08.10.2025 15:47

Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Qəbələdəki görüşündə üzv ölkələr arasında hərbi və müdafiə əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.

"Bu maraqların arxasında ciddi təxribatlar dayanır"

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Türk dövlətlərinin hərbi inteqrasiyası regional təhlükəsizlik balansını möhkəmləndirir və müdaxilələri neytrallaşdırmağa imkan yaradır.

"Proses onu göstərir ki, Türk dövlətlərinin hərbi inteqrasiyasının başlanılması çox vacibdir. Çünki dünyada əhəmiyyətli geosiyasi mövqedə yerləşən bu ölkələrin çox ciddi şəkildə təhlükəsizlik aspektlərindən qayğıları var. Çünki böyük dövlətlərlə, imperiyalarla qonşudurlar. Müxtəlif qlobal maraqlar var və o maraqlar heç vaxt əməkdaşlığa söykənmir. Bu maraqların arxasında ciddi təxribatlar dayanır. Bu mənada, həm də Türk dünyası iki toqquşan qütb – Şərqlə Qərbin arasında toqquşan zona yox, bərabər hərbi güc kimi üzərinə gələcək müxtəlif müdaxilələri neytrallaşdıra biləcək gücdədir".

"Bu, həm də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin də təhlükəsiz şəkildə yaşamasının əsas qarantıdır"

Onun sözlərinə görə, KTMT-nin digər üzvləri arasında Türk ölkələrindən fərqli olaraq ciddi bir razılaşma yoxdur:

"KTMT-yə üzv digər dövlətlərindən fərqli olaraq Türk ölkələrində tamamilə təhlükəsizliyə, sabitliyə, həm də etnik bağa söykənən ortaq tərəflər var. Ona görə də Türk dövlətlərinin güclənməsi regionun təhlükəsizlik balansına təsir edərək güc mərkəzinə çevrilə və Azərbaycanın üzərindən keçən Türk yolunun sabitliyini təmin edə bilər. Bu, həm də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin də təhlükəsiz şəkildə yaşamasının əsas qarantıdır. Fikir versəniz, həm Aİ ölkəsi olan Macarıstanın, həm də özünün birtərəfli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində tanınan Türkmənistanın prosesdə bu dərəcədə aktivləşməsi təsadüfi deyildi",- deyə ekspert fikirlərini yekunlaşdırıb.

Jalə Rövşən

TodayPress TV

tag: TDT,KTMT,Türk,Hərbi,Todaypress.tv,

photo