Fransa Cənubi Qafqazı niyə “böhran zonası” elan edib? - AÇIQLANDI

Təhlil

22.07.2025 19:40

"Fransa 2030-cu il üçün milli təhlükəsizlik strategiyasında Azərbaycanı hədəfə alıb və Cənubi Qafqazı böhran zonası kimi təqdim edib".

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransanın 2030-cu ilə qədər ölkənin milli təhlükəsizlik prioritetlərini müəyyən edən strateji icmalı Müdafiə Nazirliyi tərəfindən hazırlanmış sənəddir və bu sənəd özündə guya ki, Fransa və Avropanın təhlükəsizliyinə yönəlmiş təhdidləri ehtiva edir:

"Adı çəkilən icmala baxdıqda görürük ki, orada Azərbaycana da xüsusi yer ayrılıb. İcmalda “Bakı Təşəbbüs Qrupu” platforması dezinformasiya kampaniyasında iştirakda ittiham olunur və eləcə də, Cənubi Qafqaz (Ermənistan, Azərbaycan) böhran zonası kimi göstərilməklə Azərbaycanla Ermənistan arasında gərginliyin artması ehtimalı qeyd olunur. Belə bir iddianın milli təhlükəsizlik prioritetlərini müəyyən edən strateji icmalda əks olunması əslində Fransanın Cənubi Qafqaz regionuna yönəlmiş geosiyasi baxışının göstəricisidir. Açıq-aydın görünür ki, ölkəmizin artan beynəlxalq nüfuzu, postmünaqişə dövründə görülən işlər rəsmi Parisi olduqca narahat edir".

Analitik bildirib ki, Fransa Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına ancaq öz maraqları kontekstində yanaşır:

"Başqa sözlə desək, Cənubi Qafqazda möhkəmlənmək istəyən və bununla da regionun karbohidrogen ehtiyatlarına çıxış imkanı əldə etməyi, eləcə də dəhlizlərin qovşağında yerləşən regionda pay sahibi olmağı hədəfləyən Fransa bütün bunlara tərəflər arasında gərgin münasibətlərin qalması halında nail ola biləcəyini düşünür. Fransanın istər müharibə dövründə, istərsə də postmünaqişə dövründə sərgilədiyi mövqe onu göstərir ki, bu ölkə gərginliyin azaldılmasının və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının tərəfdarı deyil. Çünki Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin olaraq qalmasını öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün fürsət olaraq görür.

Azərbaycanla Ermənistan arasında gərginliyin artma ehtimalını özünün milli təhlükəsizlik prioritetlərini müəyyən edən strateji icmala salan Fransa əslində Ermənistana hücum xarakterli silahlar verməklə, Ermənistan ordusunu modernləşdirməklə, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qətnamələrin qəbul olunmasına təşəbbüs göstərən addımları ilə gərginliyin artmasında maraqlı tərəf qismində çıxış etdiyini sübut edir".

Analitik hesab edir ki, əgər həqiqətən də gərginliyin artma ehtimalı varsa, bunun əsas müəlliflərindən biri də öz maraqları naminə sabitliyi pozmağa çalışan Fransadır.

Qiymət Mahir

tag: Fransa,Bakı,Təhlil,Cənubi Qafqaz,Todaypress.tv,

photo