ABŞ-də böhran gözlənilir? - Tramp bu sövdələşməyə getməsə…
Təhlil
30.09.2025 14:11
Büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ hökuməti fəaliyyətini dayandıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.
“Düşünürəm ki, bizi hökumətin bağlanması gözləyir. Çünki demokratlar doğru qərar qəbul etmək istəmirlər”, - deyə o bildirib.
Proses isə federal qurumları maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsi ABŞ Senatı tərəfindən rədd edildikdən sonra başlayıb.
Belə ki, 44 senator qanun layihəsinin lehinə, 48 senator isə əleyhinə səs verib.
Nümayəndələr Palatası və Senat bu məsələdə razılığa gələ bilməsə, hökumət yeni maliyyə ilinin başlanğıcı olan oktyabrın 1-dən etibarən bağlanacaq.
Maraqlıdır, hökumət fəaliyyətini dayandıracağı təqdirdə nələr ola bilər?
Ümumiyyətlə, proses davam edəcək, yoxsa razılıq əldə olunacaq?
Politoloq Yusif Bağırzadə bu sualları TodayPress TV üçün cavablandırıb.
O bildirib ki, mütəmadi olaraq “Respublikaçılar”la “Demokratlar” arasında gələn il üçün büdcə layihəsinin qəbulunda belə problemlər yaranır. Buna da “şatdaun” deyirlər:
“Hətta ötən seçkilərdə “Respublikaçılar” yeni il üçün büdcə layihəsinin qəbulunu bloklamışdılar və bu da hökumət böhranı yaratmışdı. İndiki halda da “Respublikaçılar” hakimiyyətdədir. Hazırda “Demokratlar” bu qanunun qəbulunu bloklayırlar. Məsələ belədir ki, ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın vaxtında tibbi sığorta haqqında qanun qəbul edilmişdi. Cənab Tramp hakimiyyətə gələndə isə bu qanunu qismən ləğv etmişdi. Orada büdcədən trilyon yarımdan çox ayrılan vəsaitlə sığorta və tibbi yardım haqqında qanun qəbul olunmuşdu. Baxmayaraq ki, Tramp “Demokratların” rəhbəri ilə görüşmüşdü, amma bu görüşün heç bir nəticəsi olmamışdı”.
Politoloq bildirir ki, “Demokratlar” qanunun tətbiqini istəyirlər:
“Belə ki, “Demokratlar” həmin qanun tətbiqini istəyirlər. Yəni büdcədən 1 trilyon dollar və 350 milyard pul tələb edirlər”.
“Tramp bu sövdələşməyə getmək istəmir”
“İndiki halda Tramp bu sövdələşməyə getmək istəmir. Əlbəttə, belə olan təqdirdə hökumət böhranı baş verə bilər. Yəni ki, dövlət məmurları maaş almaya bilər, hökumət sistemi işləməyə bilər. Bu da dövlətin daxilində böhran əmələ gətirə bilər. Gözlənilən budur ki, iki tərəf müəyyən bir razılığa gələcəklər. Bununla bağlı Tramp bu gün bəyanat verməlidir”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Orxan Saffari
tag: ABŞ,Demokratlar,Ceyms,Senat,Todaypress.tv,
