"Bir işarəmlə müharibə qayıdar" — Sülh prosesi RİSK ALTINDADIR!
Təhlil
16.10.2025 17:30
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS atəşkəs razılaşmasına əməl etməsə, İsrail ordusu onun bir işarəsilə Qəzzada müharibəyə qayıdacaq.
Həmçinin İsrailin müdafiə naziri İsrail Katz da buna bənzər bəyanatla çıxış edib:

"HƏMAS razılaşmasını yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ ilə koordinasiyada HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq, Qəzzada reallığı dəyişdirmək və müharibənin bütün məqsədlərinə çatmaq üçün hərbi əməliyyatlara qayıdacaq", – Katz bildirib.
İsrail-HƏMAS müharibəsi yenidən başlaya bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoq Çingiz Şahbazi qeyd edib ki, Trampın atəşkəs rejiminə HƏMAS-ın riayət etməməsini əsas gətirərək İsrail ordusunun Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi barədə bəyanatı Qəzzada sülh prosesini ciddi şəkildə risk altına qoyur.

Bu kimi açıqlamalar əldə olunan razılaşmaların nə qədər kövrək olduğunu da göstərir.
"Trampın bu bəyanatı silahı buraxmağa məcbur etmək və s. məqsədlərlə HƏMAS-a qarşı təzyiq elementi kimi istifadə edilə bilər. Lakin HƏMAS-ın siyasi və ideoloji mövqeyini nəzərə alsaq, bu təzyiq əks istiqamətə yönələrək müqaviməti gücləndirmək məqsədi daşıya bilər", – deyə ekspert bildirib.

O əlavə edib ki, əslində, Trampın bu bəyanatı müəyyən mənada doğru görünə bilər və burada bir neçə mümkün variant öz əksini tapır:
"Əlbəttə, HƏMAS silahı buraxmadığı təqdirdə Qəzza yenidən qan gölünə çevriləcək. Bu, artıq bir aksioma kimi qəbul edilir. Lakin bunu indiki zamanda və bu tərzdə bəyan etmək vəziyyətin xeyrinə olmaya bilər. Belə bəyanatlar vasitəçi ölkələri də çətin duruma sala bilər.
İsrail-Fələstin məsələsi tarixi və dərin köklərə söykənir. Buradakı müharibə və düşmənçilik digər münaqişələrdən fərqlənir. Bu baxımdan, bəyanatlar da daxil olmaqla münaqişə ilə bağlı bütün məsələlərdə həssaslıq əsas məqsəd olmalıdır və qurulan cümlələrə belə diqqətlə yanaşılmalıdır".
Qiymət Mahir
tag: Çingiz Şahbazi,Politoloq,Qəzza,Sülh,Todaypress.tv,
