“İstəklilər koalisiyası” Rusiyanı sıxışdırır - AÇIQLAMA
Təhlil
04.09.2025 13:19
“Rusiya-Ukrayna müharibəsi fonunda Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşü Avropa ölkələrinin bu münaqişəyə münasibətini bir daha ortaya qoyur”.
Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, Avropa ölkələri bu müharibəni öz problemi hesab edir və ABŞ-nin də dəstəyi ilə Ukraynaya hərtərəfli yardım göstərməyə çalışır:
“ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropa ölkələrinin bu problemlə daha çox məşğul olmalı olduğunu vurğulayıb. Hazırda ABŞ Ukraynaya silah yardımı ilə dəstək verir, bu prosesdə maliyyə yükünün isə, əsasən, Avropa ölkələrinin üzərinə düşdüyü görünür”.
Analitikin sözlərinə görə, Avropa İttifaqı (Aİ) və ümumilikdə Avropa ölkələri son aylarda Rusiyaya qarşı kifayət qədər güclü bir koalisiya formalaşdırıblar və Ukraynanı həm hərbi, həm də maddi cəhətdən ciddi şəkildə dəstəkləyirlər. Onun fikrincə, “İstəklilər koalisiyası”nın iclası bu siyasətin davam etdirilməsi baxımından müsbət addımdır və ABŞ-nin də bu prosesə qoşulması mühüm əhəmiyyət daşıyır.
"Görüşün əsas məqsədi ilin sonuna qədər Ukraynaya hərbi, siyasi və lojistik dəstəyi gücləndirmək, Ukraynanın müdafiə və hücum imkanlarını artırmaq və nəticədə Rusiyanı danışıqlar masasına əyləşməyə məcbur etməkdir. Bu yolla Avropa həm də göstərmək istəyir ki, bu məsələdə vahid mövqedədir. ABŞ silah dəstəyi verərkən, Avropa ölkələri maliyyə və digər resurslarla bu prosesi dəstəkləyir”, - deyə analitik fikrini yekulaşdırıb.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə “İstəklilər koalisiyası”nın görüşü keçiriləcək. Burada onlar Ukraynadakı vəziyyətin həlli ilə bağlı detallı variantları nəzərdən keçirəcək və mümkün qərarları təqdim edəcəklər.
Aysel Mətləb
tag: Məhəmməd Əsədullazadə,Politoloq,İstəklilər koalisiyası,Rusiya,Todaypress.tv,
