Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi
Təhlil
05.07.2025 18:00
"Rusiya Prezidenti Vladimir Putinin Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsi təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, diqqətə çatdırıb ki, ABŞ və Rusiya arasında münasibətlər uzun müddətdir ki, gərgindir:
"Cozef Baydenin hakimiyyəti dövründə Ukraynaya açıq hərbi dəstək fonunda bu münasibətlər daha da pisləşdi. Donald Trampın birinci prezidentliyi dövründə də əlaqələr o qədər də yaxşı deyildi. Çünki Rusiyanın Ukraynaya təcavüzündən əvvəl ABŞ tərəfindən tətbiq olunan ən sərt və çoxsaylı sanksiyalar məhz Trampın prezidentliyi dövründə gerçəkləşmişdi. Bununla belə, həmin vaxt Rusiya diplomatik protokol qaydalarına uyğun olaraq müvafiq təbrik məktubları ünvanlayırdı. Çünki iqtisadi sanksiyalar olsa da, açıq hərbi qarşıdurma yox idi və nəticədə Rusiya da diplomatik etiketə əməl edərək ABŞ-yə təbrik məktubları göndərirdi. Lakin sonradan vəziyyət dəyişdi və nəticədə nə Rusiya ABŞ-ni, nə də ABŞ Rusiyanı müvafiq bayramlarda təbrik etdi".
Ekspert hazırda vəziyyətin dəyişdiyini qeyd edib:
"Tramp administrasiyası Rusiya ilə danışıqlar aparır. İki ölkə arasında yaxınlaşma və müəyyən əməkdaşlıq imkanlarının müzakirəsi gündəmdədir. Həmçinin ABŞ-nin Ukraynaya dəstəyi əvvəlki səviyyədə deyil. Son günlərdə Ukraynaya silah və texnika göndərilməsinin dayandırılması ilə bağlı yayılan məlumatlar fonunda Rusiyanın ABŞ-nin Müstəqillik Gününü təbrik etməsi bir neçə məqamı özündə ehtiva edir.
Birincisi, Rusiya bu addımı ilə ABŞ-yə danışıqlarda və əməkdaşlıqda maraqlı olduğunu göstərmək istəyir. İkincisi, Vladimir Putin Qərb ölkələrinin hamısının Rusiyaya eyni prizmadan baxmadığını nümayiş etdirməyə çalışır. Təbrik məktubu ilə ABŞ-yə mesaj verilir ki, biz Avropa İttifaqının Ukraynaya açıq dəstək verən ölkələrindən fərqli olaraq, sizinlə gələcək əməkdaşlığa maraqlıyıq".
Analitikə görə, bu təbrik həm də daxili auditoriyaya hesablanıb:
"Rusiyada Qərbin Rusiyaya qarşı birləşməsi və ölkənin beynəlxalq təcrid vəziyyətinə düşməsi cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar bunu açıq şəkildə dilə gətirməsələr də, daxildə narahatlıq hiss olunur. Putin göstərmək istəyir ki, Rusiya Qərbin bütün ölkələri ilə düşmən deyil; ABŞ kimi bir güc var ki, Rusiyanın mövqeyini anlayır.
Nəticə etibarilə, bu təbrik məktubu təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığında amerikalı həmkarı Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə şəxsən təbrik edib. Onun bu kontekstə Ağ Ev rəhbərini təbrik etməsi son beş ildə ilkdir. Sonuncu dəfə Vladimir Putin ABŞ prezidentini milli bayram münasibətilə 2020-ci ilin iyulunda təbrik edib
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Tramp,Putin,Todaypress.tv,
