8 avqustdan sonra intensiv diplomatiya: 2 ayda 4 görüş!

Təhlil

15.10.2025 13:01

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonrakı iki ay ərzində 4 dəfə görüşüblər.


İki ölkənin lideri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar. İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür və bu onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq.


 “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud TodayPress TV-yə açıqlamasında deyib ki, son iki ildə daha intensiv xarakter alan sülh danışıqları və avqustun 8-də Vaşinqtonda sülh sazişi ilə bağlı sənədin paraflanması artıq daha sabit və uzunmüddətli sülhün əldə olunması ilə bağlı böyük ümidlər yaradıb:


“Həmin tarixdən sonra da müxtəlif çoxtərəfli formatlarda dövlət rəhbərləri fürsətdən istifadə edərək görüşür və sülh gündəliyinə yenidən baxış keçirilir. Bu, çox müsbət haldır və geosiyasi şərtlər, Azərbaycanla Ermənistanın yeni münasibətlər sisteminin formalaşdırılmasına, müharibə gündəliyinin birdəfəlik aradan qaldırılmasına yönəlmiş iradəsinin göstəricisidir. Hazırkı vəziyyət, yəni Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunmasından sonrakı mərhələ ümumilikdə Azərbaycanı qane edir. Lakin eyni zamanda diplomatik müstəvidə hələ də tam həllini tapmamış məsələlər qalmaqdadır. Bunların başında isə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə iddiaların hələ də yer alması faktı durur”.

Revanşistlər səhnədədir


Siyasətçi yekun sülh sazişinə maneələrdən bəhs edib:

“Azərbaycanın diplomatik institutları və dövlət başçısı həm yerli, həm də beynəlxalq səviyyədə çıxışlarında açıq şəkildə bildiriblər ki, yekun sülh sazişinin imzalanmasına əsas maneə məhz budur. Son dövrlərdə baş verən hadisələr, xüsusilə revanşist qüvvələrin liderlərindən olan sabiq prezident Robert Köçəryanın Rusiyaya son səfəri və 8 avqust sazişinin mahiyyəti ilə bağlı səsləndirdiyi iddialar göstərir ki, Paşinyan hökuməti sülh gündəliyindən irəli gələn məsələləri, o cümlədən konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini yekunlaşdırmaqda tərəddüd edir. Bunun əsas səbəbi revanşist qüvvələrin xaricdən aldıqları dəstək və daxildə apardıqları manipulyasiyalardır. Onlar ictimai rəydə Paşinyan hökumətinin dayaqlarını zəiflətməyə çalışırlar”.

Seçkilər sülhün taleyini müəyyən edəcək


E.Behbud güman edir ki, bu proses Ermənistanda növbəti parlament seçkiləri keçirildikdən sonra yekunlaşa bilər. Çünki indiki hökumət öz mövqeyi üçün ciddi təhlükə görür və addımlarında ehtiyatlı davranır. Bu baxımdan, qarşılıqlı təmaslar, müzakirələr, həm də bu prosesdə maraqlı tərəflərin iştirakı önəmlidir. Avropa İttifaqı, Türkiyə və ABŞ Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına açıq dəstək ifadə ediblər.

Son fürsət: ya konstitusiya, ya da...


“Əgər növbəti seçkilərdən sonra Ermənistanda Konstitusiyaya müvafiq düzəlişlər qəbul edilərsə, bu, sülh prosesinin uğurla başa çatmasına gətirib çıxara bilər. Bununla belə, proqnoz vermək çətindir. Əgər revanşist qüvvələr növbəti seçkilərdə qələbə qazansalar, 8 avqust sazişi ciddi sual altına düşəcək və gündəlik köklü şəkildə dəyişəcək. Lakin Ermənistan cəmiyyətinin onlara dəstək göstərəcəyinə, ölkəni yenidən fəlakətə sürükləyəcəyinə inanmıram”, - deyə analitik fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

tag: Elməddin Behbud,Politoloq,8 avqust,Diplomatiya,Todaypress.tv,