Moskvadan İrəvana “xəbərdarlıq mesajı”: Rusiyanın qaranlıq dairələri yenidən İŞ BAŞINDA

Təhlil

18.08.2025 13:26

“Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda imzalanan sülh müqaviləsi, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı qərar həm Rusiyanın, həm də İranın ciddi narahatlığına səbəb olub”. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress TV-yə danışarkən deyib. 

O vurğulayıb ki, Ermənistan tarixən Rusiya tərəfindən formalaşdırılıb və bu gün də Moskvanın İrəvan üzərindəki təzyiq vasitəsi kimi rolu davam edir. Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının olması, Erebunidə rus hərbi hava qüvvələrinin mövcudluğu, eləcə də Türkiyə ilə sərhəd yaxınlığında rus hərbçilərinin mövcudluğu bunun bariz nümunəsidir. Ümumilikdə təxminən 9 min rus əsgəri Ermənistanda xidmət göstərir:

“Ermənistanın Rusiyadan asılılığı təkcə hərbi deyil, həmçinin iqtisadi sahədə də kifayət qədər yüksəkdir. Ölkə iqtisadiyyatının təxminən 70 faizi Rusiyanın təsiri altındadır. Bir sıra dövlət şirkətləri, dəmir yolları və digər müəssisələr rus şirkətlərinin törəmələri kimi fəaliyyət göstərirlər”. 

Millət vəkilinin fikrincə, Rusiya bölgədə sülh və stabilliyin bərqərar olmasında heç vaxt maraqlı olmayıb. Moskvanın məqsədi həmişə gərginlik yaratmaq və Ermənistandan öz maraqları üçün istifadə etmək olub. Buna görə də, Rusiya Ermənistandakı mövcudluğunu qorumaq istəyir və İrəvana qarşı təzyiqlərini artıracaq.

“2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkənin Baş naziri Nikol Paşinyan bu seçkilərə hazırlıq mərhələsində ABŞ vasitəsilə imzalanmış sənədləri siyasi üstünlük kimi istifadə etməyə çalışır. Eyni zamanda, Ermənistanda müxalifət, kilsə və hərbi kontingent kimi Rusiyaya bağlı qüvvələr mövcuddur. Seçkilər yaxınlaşdıqca Moskvanın İrəvana təzyiqlərinin həm siyasi, həm də praktik müstəvidə artacağı istisna deyil”.

Parlamentari əlavə edib ki, bölgədə əsas söz sahibi olan Azərbaycan və Türkiyənin məqsədi sülh və stabilliyin təmin edilməsidir. Vaşinqtonda imzalanan sənədlər bu prosesə güclü təkan verəcək. Eyni zamanda, açılacaq kommunikasiya xətləri bölgəyə yeni nəfəs gətirəcək.

Qeyd edək ki, rusiyalı rəsmilər Vaşinqton razılaşmasının detallarını öyrənməyə başladıqlarını açıqlayıblar. Həmçinin, İrəvana “xəbərdarlıq mesajları” da göndərməyə davam edirlər. 

Aysel Mətləb

tag: Arzuxan Əlizadə,Deputat,Rusiya,Ermənistan,Todaypress.tv,

photo