"3+3"ə daha bir baxış: “Rusiya bu məsələdə manipulyativ manevr etməyə çalışır” – ŞƏRH

Təhlil

27.05.2025 16:24

14

"3+3" formatı çərçivəsində Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin müzakirə olunması gözlənilən deyil”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.

O, qeyd edib ki, "3+3" formatı Cənubi Qafqazın problemlərinin həll olunmasında olduqca önəm daşıyan müzakirə platformasıdır:

“Təbii ki, burada həm region dövlətlərinin, həm də regiona qonşu olan üç dövlətin maraqlarının ortaq şəkildə uzlaşdırılması ön planda olur. Bu baxımdan, "3+3" formatının növbəti toplantısında Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji proseslərin inkişaf istiqamətlərinin müəyyən olunması baxımından önəmli addımlar atıla bilər. Ancaq önəmli olan məsələ ondan ibarətdir ki, budəfəki toplantı harada keçiriləcək? Rusiyanın toplantını Bakıda və ya İrəvanda keçirmək təklifi mövcud situasiyaya bir qədər qeyri-adekvat xarakter daşıyır. Çünki Azərbaycan təmsilçilərinin Ermənistana, Ermənistan təmsilçilərinin də Azərbaycana səfəri hələlik bir qədər problemli məsələlərin sırasına daxildir. Bu baxımdan Bakıda və yaxud da İrəvanda keçirilərsə, "3+3" formatının tam heyətdə yığışması məsələsi bir qədər müzakirə və yaxud da mübahisə mövzusuna çevrilə bilər”.

Ekspert düşünür ki, Rusiya bu məsələdə manipulyativ manevr etməyə çalışır.

Çünki "3+3" formatında növbəti görüşün Bakıda, ya da İrəvanda keçirilmə qərarı qəbul olunarsa, o zaman Rusiya bu toplantının keçirilməsi üçün tərəflər arasında mövcud olan ziddiyyətlərin, problemlərin aradan qaldırılması üçün xüsusi vasitəçilik missiyası icra etməyə çalışacaq. Bu da indiki situasiyada Rusiya üçün Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə etmək üçün önəmli bəhanə ola bilər:

“Ancaq bir önəmli məqam da var ki, "3+3" formatı çərçivəsində Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin müzakirə olunması o qədər də gözlənilən məsələ deyil. Çünki sülh sazişinin müzakirəsi birbaşa təmaslarla ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında aparılır. Bu prosesə Ermənistan və Azərbaycandan başqa kənar dövlətlərin müdaxilə etməsi, xüsusilə də Rusiya və İranın müdaxilə imkanları qazanması yolverilməzdir. Ona görə də rəsmi Bakının bu məsələnin “3+3” formatında müzakirəsinə razılıq verəcəyi o qədər də inandırıcı görünmür. Əgər “3+3” formatı həqiqətən də yaxın vaxtlarda keçiriləcəksə, həmin toplantıda ilk növbədə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər, geoiqtisadi problemlər, eyni zamanda geostrateji hədəflər müzakirə oluna bilər”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu təsdiqləyir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, Cənubi Qafqaz üzrə "3+3" formatında üçüncü görüş hazırlıq mərhələsindədir.

Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,3+3,Format,Todaypress.tv,

photo