Vüqar Zifəroğlu: “Rusiya dövlət səviyyəsində senzura nümayiş etdirir”

Təhlil

03.07.2025 16:37

“Azərbaycan xəbər portallarına - xüsusilə “Global Media Group”a məxsus “Report.az”, “Oxu.az”, “Caliber.az” kimi saytların Rusiyanın müxtəlif şəhərlərində əlçatan olmaması ilk baxışdan texniki problem kimi təqdim oluna bilər. Lakin məsələnin miqyası və spesifikliyi göstərir ki, bu daha çox hədəfli məhdudlaşdırma (yəni filtrasiya və ya bloklama) ehtimalını gündəmə gətirir”. 

TodayPress TV xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu öz "Facebook" hesabında yazıb.

O, "Global Media Group"a məxsus saytlara hücumları xatırladıb:

“Bu hücumların arxasında məhz rusiyalı "haker qruplari"nın durduğu ilə bağlı informasiyalar var idi. Kremlin informasiya təhlükəsizliyi siyasəti çərçivəsində Rusiya ərazisində "düşmən informasiya platformaları" kimi dəyərləndirilən saytlar tez-tez bloklanır. Son günlər baș verən proseslər fonunda Azərbaycan mediası da bu çərçivəyə salına bilər. Belə ki, saytlara girişin yalnız texniki yox, koordinasiyalı şəkildə, müxtəlif regionlarda eyni vaxtda məhdudlaşdırılması, haqlı olaraq bu addımın siyasi sifarişlə həyata keçirildiyi qənaətini yaradır. 

Görünən budur ki, Rusiya dövləti öz vətəndaşlarının xarici mənbəli məlumatlarla təmasda olmasına, yəni alternativ xəbər qaynaqlarından alınan bilgilərlə tanış olmaqlarına getdikcə daha sərt yanaşır”.

V. Zifəroğlu bunun ifadə azadlığına və informasiya əldə etmək hüququna birbaşa müdaxilə olduğunu diqqətə çatdırıb:

“Birmənalı şəkildə vurğulamalıyıq ki, Rusiya daxilində yaşayan azərbaycanlıların, o cümlədən rusdilli oxucuların öz ölkələrinin media resurslarına çıxışının qarşısının alınması, dövlət səviyyəli senzura nümunəsidir. Bu hal yalnız texniki məsələ deyil, həm də siyasi və informasiya azadlığı ilə bağlı narahatedici siqnaldır”.

Qeyd edək ki, Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycan xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb. Xüsusilə, Wi-Fi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər var.

Qiymət Mahir

tag: Vüqar Zifəroğlu,Sədr Müavini,Rusiya,Senzura,Todaypress.tv,