Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur - Deputat perspektivlərdən danışdı

Təhlil

06.08.2025 16:50

“Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar formalaşıb. ABŞ-də Donald Trampın 2025-ci ildə yenidən prezident seçilməsindən sonra bu perspektivlər daha da güclənib”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əvvəlki ABŞ administrasiyası dövründə zəifləyən və bəzən gərginləşən münasibətləri strateji müstəviyə çıxarmaq üçün hazırda kifayət qədər geniş imkanlar mövcuddur:

"Ötən ildən etibarən iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin daha da dərinləşdiyi müşahidə olunur. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə üç dəfədən çox artıb. Belə ki, 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar təşkil edib. İki dövlət arasında əməkdaşlığın artan dinamikası, ticarət və qarşılıqlı sərmayə qoyuluşu sahəsində daha geniş imkanlar yaradacaq". 

Parlamentari həmçinin əlavə edib ki, bir müddət öncə ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi, iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verib.

Onun fikrincə, Prezident İlham Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərin qlobal diqqətə səbəb olması, eyni zamanda ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

"Bu kontekstdə, ölkə başçımızın avqustun 6-da ABŞ-yə səfəri təkcə Azərbaycan-ABŞ münasibətləri baxımından deyil, bütövlükdə Amerika-Cənubi Qafqaz əlaqələri üçün də yeni bir səhifənin açılması demək olacaq", - deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,ABŞ,Todaypress.tv,

photo