Hərbi xidmətlə bağlı ŞAD XƏBƏR: Əməkhaqqının 3 misli məbləğində...
Sosial
27.01.2026 17:31
"Beynəlxalq Əmək Təşkilatının 156 və 131 nömrəli konvensiyalarına, eləcə də beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda əmək qanunvericiliyi təkmilləşdirilib".
Bu barədə TodayPress TV-yə açıqlamasında əmək hüququ üzrə ekspert Etibar Qarayev məlumat verib.

"Yeniliklər Beynəlxalq Əmək Təşkilatının (BƏT) 156 və 131 nömrəli konvensiyalarının tələblərinə uyğun hazırlanıb və əmək münasibətlərinin müasir çağırışlara uyğunlaşdırılmasını hədəfləyir. BƏT-in 156 nömrəli Konvensiyasına əsasən Məcəllənin 3-cü maddəsinə “ailə vəzifələri olan işçi” anlayışı əlavə olunub. Eyni zamanda, 131 nömrəli Konvensiyaya uyğun olaraq minimum əməkhaqqı anlayışı yeni redaksiyada təsbit edilib. Yeni anlayışa əsasən minimum əməkhaqqı “yaşayış minimumu haqqında” qanuna uyğun olaraq ixtisassız əməyə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi müəyyənləşdirilib".
Vəkil əlavə edib ki, məcəlləyə “ezamiyyət” anlayışı da əlavə olunub. Yeni redaksiyaya əsasən, işəgötürən işçini xidməti zərurətlə ezamiyyətə göndərə bilər və bu zaman işçinin razılığı tələb olunmur:
"Həmçinin “məsafədən iş” (distant iş) anlayışı hüquqi baxımdan tənzimlənib və bu formada çalışan şəxslərin əmək hüquqları daha aydın şəkildə müəyyən edilib. Dəyişikliklər dövlət büdcəsi hesabına maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı məsələləri də əhatə edir. Bu məqsədlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yeni redaksiyada verilib".
Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə uzun müddət paralel işlədilən “əmək müqaviləsinin ləğv olunması” ifadəsi çıxarılaraq yalnız “əmək müqaviləsinə xitam verilməsi” anlayışı saxlanılıb:
"Bundan əlavə, fiziki şəxs işəgötürənlərin fəaliyyətini dayandırması hallarında yaranan hüquqi uyğunsuzluq aradan qaldırılıb və müvafiq əsas dəqiqləşdirilib. Məcəllədə “müəssisə” anlayışı da genişləndirilib, dövlət və bələdiyyə orqanlarının bu anlayışa daxil olduğu təsbit olunub".
Ekspert vurğulayıb ki, dəyişikliklər hərbi xidmətlə bağlı qanunvericiliklə Əmək Məcəlləsi arasındakı ziddiyyəti də aradan qaldırır:
"Belə ki, hərbi xidmətə çağırılma ilə əlaqədar əmək müqaviləsinə xitam verilən şəxslərə ödənilən kompensasiya aylıq orta əməkhaqqının 3 misli məbləğində müəyyən edilib. Məzuniyyət hüquqları ilə bağlı yeniliklərə gəlincə, artıq işçilərə ödənilən məzuniyyət haqqı onların sonuncu əməkhaqqından az ola bilməz. Eyni zamanda, 46 gün əmək məzuniyyəti hüququ olan şəxslərin siyahısı genişləndirilib və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilər də bu kateqoriyaya daxil edilib".
E.Qarayev qeyd edib ki, əmək məzuniyyəti dövrünə təsadüf edən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü artıq məzuniyyət günləri hesab edilmir, həmin günlərin sayı qədər məzuniyyət müddəti uzadılır. Qurban və Ramazan bayramlarının digər qeyri-iş günləri ilə üst-üstə düşməsi halları da ayrıca tənzimlənib. Ümumilikdə bu dəyişikliklər əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, işçi hüquqlarının daha effektiv qorunmasına və əmək münasibətlərində çevik hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət edir".
Qeyd edək ki, Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib. Bunlar beynəlxalq əmək standartlarına uyğunlaşdırma, müasir əmək münasibətlərinin tənzimlənməsi və işçilərin sosial və hüquqi müdafiəsinin gücləndirilməsidir.
Türkan İsgəndərli
tag: Etibar Qarayev,Vəkil,Hərbi xidmət,Əməkhaqqı,Todaypress.tv,
