Ekspert: "8-10 manata satılan yağların kərə yağı ilə əlaqəsi yoxdur"
Sosial
12.11.2025 16:21
"Bu gün bazarda satılan bir çox məhsullar “kərə yağı” adı ilə təqdim olunsa da, əslində həmin məhsulların tərkibi tamamilə fərqlidir".
Bunu qida eksperti İlkin Şirinov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsl kərə yağının üzərində yağlılıq dərəcəsi mütləq şəkildə qeyd olunmalıdır:
"Məsələn, yağın üzərində 82%, 82.5% və ya 85% yağlılıq dərəcəsi qeyd olunmalıdır. Etiketdə məhsulun tərkibi, yəni süddən və ya qaymaqdan hazırlanıb-hazırlanmadığı açıq şəkildə göstərilməlidir. Məhsulun üzərində "kərə tərkibli yağ", "kərə ətirli yağ", "təbiətdən gələn kərə dadlı yağ" kimi ifadələr yazılıbsa, artıq bu məhsul kərə yağı sayılmır. Əgər tərkibində bitki yağları, palma yağı, soya yağı, emulsifikatorlar, ətirləndiricilər və dadlandırıcılar göstərilibsə, burada heç bir kərə yağından söhbət gedə bilməz".
Ekspert əlavə edib ki, düzgün etiketlənmə müştərinin düzgün seçim etməsinə imkan verir, lakin bir çox hallarda bu qaydalar pozulur və süni yağlar "kərə" adı altında satışa çıxarılır. O əlavə edib ki, rəng, dad və qoxu da məhsulun keyfiyyətini ayırd etməyə kömək edir:
"Yayda inək göy ot yediyi üçün kərə yağının rəngi daha sarı olur, qışda isə quru otla qidalanmaya görə açıq rəng alır. Əsl kərə yağını qoxladıqda süd ətri gəlir, otaq temperaturunda isə parçalanmadan doğranır".
İlkin Şirinov qeyd edib ki, süni yağların əsas fərqlərindən biri onların otaq temperaturunda doğrandıqda parçalanması və əritdikdə sıçrayışla əriməsidir:
"Əsl kərə yağı əridikdə isə qəhvəyi çöküntü əmələ gətirir. Bu, onun təbii olduğunun göstəricisidir. 1 kiloqram kərə yağı istehsal etmək üçün 20-25 litr süd tələb olunur. Südün litri 1 manat 20 qəpik olduqda, təkcə maya dəyəri 24 manata yaxınlaşır. Bunun üzərinə işçi xərcləri və enerji sərfiyyatı da əlavə olunduqda, kərə yağının 1 kiloqramı ən azı 27-28 manata başa gəlir. Belə olan halda, 8-10 manata satılan yağların kərə yağı olması mümkünsüzdür".
Mütəxəssis vurğulayıb ki, bu cür ucuz məhsullar “kərə” adı altında satılsa da, əslində bitki tərkibli süni yağlardır və istehlakçılar bu məsələdə daha diqqətli olmalıdırlar.
Türkan İsgəndərli
tag: Kərə,Yağ,Təbii,Tərkib,Todaypress.tv,
