Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür?

Siyasət

03.06.2025 13:38

"Ukraynanın sülh təklifi real razılaşmaya gətirib çıxara bilməz".

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Ukraynanın sülh təşəbbüsü çərçivəsində irəli sürdüyü yeni memorandum şərtləri görüntü xarakterli bir addımdır. Bu təkliflərin Rusiya tərəfindən qəbul olunması real görünmür. Çünki təkliflər Moskvanın daha əvvəl dəfələrlə səsləndirdiyi mövqelərlə ciddi ziddiyyət təşkil edir.

"Ukraynanın təqdim etdiyi şərtlərdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması məsələsi yer alsa da, bunun qarşılığında həmin sanksiyaların yenidən tətbiq edilə bilməsi ehtimalı da qeyd olunub. Bu isə Rusiyanın maraqlarına cavab vermir və təklifin səmimi olmadığını göstərir. Buna əsasən, Ukraynanın sanksiyaları ləğv edəcəyi ilə bağlı dediklərini "jest" kimi qəbul etmək olmaz. Əksinə, bu, daha çox beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmuş, formal təklifdən ibarətdir".

Analitikin fikrincə, danışıqlar ərəfəsində Ukraynanın Rusiyanın dərinliklərinə hücumlar təşkil etməsi və münaqişənin eskalasiyaya uğraması, proseslərin gərginləşməsini göstərir. Bu səbəbdən də, yaxın perspektivdə keçiriləcək görüşlərdən müsbət nəticə gözləmək sadəlövhlük olar.

"Bundan başqa, Ukrayna 30 günlük atəşkəs istəyir, lakin Rusiya bu məsələdə öz mövqeyini dəfələrlə ortaya qoyub – yəni, münaqişənin ilkin səbəbləri aradan qalxmayınca atəşkəs mümkün deyil. İki tərəf arasında mövcud mövqelərin tam ziddiyyət təşkil etməsi, ortaq razılığın yaranmasını mümkünsüz edir. Lakin görüşün keçirilməsi ümumi mənada müsbət qiymətləndirilməlidir. Bunu dialoqun başlanğıcı kimi dəyərləndirmək lazımdır. Lakin bu danışıqlardan əsaslı razılaşma çıxmayacaq. Əsir mübadiləsinin həyata keçirilməsi mümkündür, lakin bu, sülhün əldə olunmasına ciddi təsir göstərən faktor deyil".

Politoloq sonda diqqətə çatdırıb ki, yalnız prinsipial məsələlər üzrə razılaşma əldə olunarsa, tərəflər arasında irəliləyiş mümkündür. Amma hazırda bu məsələlər ətrafında dərin fikir ayrılıqları mövcuddur. Bu isə göstərir ki, yaxın zamanlarda münaqişənin əsaslı şəkildə həll olunması üçün real zəmin yaranmayıb.  

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçiriləcək danışıqlar üçün hazırlanan memorandumda Ukraynanın Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə razılıq verdiyi vurğulanıb.  

Töhfə Səməd

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo