İki İslam ölkəsi ÜZ-ÜZƏ — Əfqan naziri Dehliyə niyə getdi?
Təhlil
14.10.2025 17:59
Pakistan və Əfqanıstan arasında baş verən qarşıdurmada onlarla insan həlak olub. Hər iki tərəf münaqişənin ikinci günündə çoxsaylı itkilər verdiyini açıqlayıb. "Taliban" 58 pakistanlı əsgərin öldüyünü bildirib. Pakistan isə Əfqanıstan sərhəd postlarının ələ keçirildiyini bəyan edib.
Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttaqinin Hindistana səfəri də baş tutub. Lakin xəbərlərə görə, bu səfərin müharibə ilə birbaşa əlaqəsi yoxdur – diplomatik münasibətlərin bərpası məqsədilə və əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib.
Bəs, iki İslam ölkəsi arasında nə baş verir?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov məsələni TodayPress TV-yə şərh edərkən bildirib ki, Əfqanıstan və Pakistan arasında baş verən gərginliyi birbaşa Hindistana bağlamaq tam doğru olmaz:

"Çünki həm “Taliban”, həm də Pakistan Hindistana qarşı kifayət qədər sərt mövqe sərgiləyirlər. Kəşmir məsələsində ortaq fikirlərə sahibdirlər. Hətta "Taliban"ın Kəşmirin azadlığı uğrunda döyüşən silahlı qruplara dəstək olduğunu bilirik. Hindistanın müəyyən maraqları ola bilər, lakin baş verənləri tam şəkildə Hindistanla əlaqələndirmək düzgün olmaz".

Analitik iki İslam ölkəsi arasında yaranan gərginliyin bir neçə əsas səbəbini izah edib:
"Birincisi, sərhəd məsələsidir, yəni “Dürand xətti”nin kimin ərazisi sayılması ilə bağlı fikir ayrılığı var. Əfqanıstan bu xətti öz ərazisi, Pakistan isə öz sərhədi hesab edir. Digər tərəfdən, Əfqanıstan "Taliban"ına yaxın Pakistan "Taliban"ı (Təhrik-i-Taliban Pakistan) var ki, o da hökumətlə daimi qarşıdurma içindədir. Pakistan tərəfi iddia edir ki, Əfqanıstandakı “Taliban” bu qruplaşmanı dəstəkləyir.

Bundan başqa, qaçqın problemi də ciddi gərginlik mənbəyidir. Pakistanın iqtisadi vəziyyətində onsuz da kifayət qədər problemlər var və ölkədə yaşayan çoxsaylı əfqan qaçqınları sosial yük yaradır. Bu, həm iqtisadi çətinliklərə, həm də kriminogen vəziyyətin ağırlaşmasına səbəb olur. Nəticədə, qaçqınların geri göndərilməsi məsələsində də Əfqanıstan və Pakistan arasında ciddi fikir ayrılıqları mövcuddur".
Qeyd edək ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər.
Qiymət Mahir
tag: Kazım Kazımov,Politoloq,Pakistan,Əfqanıstan,Todaypress.tv,
