Rus ideologiyasının iflası: Türk dünyası yeni geosiyasi gücə çevrilir –Professor FAKTLARDAN DANIŞDI

Təhlil

26.08.2025 16:52

“SSRİ dağıldıqdan sonra müstəqilliyini elan edən Türk dövlətləri öz proqram və hədəfləri əsasında gələcək planlarını qurarkən, Moskvanın mövcud geosiyasi mövqeyini də nəzərə alıblar. Bu respublikalar bir-birləri ilə əlaqələrini inkişaf etdirib, Türk Dövlətləri Təşkilatını yaradaraq ortaq strateji istiqamət müəyyən ediblər”.

“Kafkassam” analitik mərkəzinin rəhbəri, professor Hasan Oktay bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etməzdən əvvəl çıxışlarında həm Sovet, həm də Federativ Rusiya irsinə əsaslanaraq yeni bir rus ideologiyasının tətbiq ediləcəyinə işarə verirdi. Ənənəvi olaraq rus nasional şovinizminin və stanizminin mənəvi atalarından sayılan Aleksandr Duqin tərəfindən irəli sürülən və "Adana avrasiyaçılığı" kimi tanınan bu yanaşmaya Putin fərqli baxış gətirməyə çalışsa da, ideologiyanın mərkəzində yalnız Rusiya və rusların dayanması onun uğursuzluğunu qaçılmaz edir. Türk dövlətlərini görməzdən gələrək nə "Avrasiya" modeli, nə də yeni rus ideologiyası real olaraq həyata keçirilə bilər.

“Sovet İttifaqının qurulmasından sonra, xüsusilə İosif Stalinin dönəmində türklərin fiziki və mənəvi mövcudluğunu silmək məqsədilə həyata keçirilən genişmiqyaslı repressiyalar bu məqsədə çata bilmədi. Əksinə, bu cəhdlər rus ictimai şüurunda davamlı bir "türk qorxusu" yaratdı. 1937-ci ildə türk aydınlarının kütləvi şəkildə məhv edilməsi, İkinci Dünya müharibəsində 8 milyona yaxın türksoylunun Rusiya uğrunda döyüşərək həlak olması, Krım və Qafqaz sürgünləri – bütün bunlar Stalinin türk faktoruna qarşı yürütdüyü siyasətin bariz nümunələridir.

Putinin ortaya qoyduğu ideologiya isə Ukrayna müharibəsi zamanı praktik nəticə vermədi. Artıq Türk xalqları gələcəklərini öz birlikləri üzərində qurur və bölgədə heç kimə təhlükə yaratmadan mövcudluqlarını davam etdirirlər”. 

H.Oktay bildirib ki, qarşıdakı beş il ərzində Rusiya, İran və Çində sistem dəyişikliyi baş verəcəyi ehtimalı yüksəkdir. Bu yeni mərhələdə Türk dünyasının daha güclü və təsirli bir aktora çevriləcəyi gözlənilir. 

“Türklər bu yeni dönəmə elmi, intellektual və ideoloji baxımdan hazırlıqlı olmalıdırlar”, - deyə professor fikrini yekunlaşdırıb.

Qiymət Mahir

tag: Hasan Oktay ,Politoloq,Rusiya,Türk Dünyası,Todaypress.tv,

photo