Sabiq XİN rəhbəri “Mehdiyev işi” barədə: “Bu dairələrə kimin haqlı olması maraqlı deyil”
Siyasət
20.10.2025 14:08
“Ölkədə baş verən son proseslərdə iştirak etmək niyyətində deyiləm. İstintaqın nəticələri açıqlanmayınca, fikir söyləmək də düzgün olmaz”.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu Azərbaycanın sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı TodayPress TV-yə danışarkən deyib.
O vurğulayıb ki, xaricdə olan və bizə qarşı müxtəlif mənfi planları həyata keçirmək istəyən dairələr üçün ölkəmizdə daxili gərginliyin yaranması vacibdir:
“Bu dairələr üçün kimin haqlı və ya haqsız olması əhəmiyyət daşımır. Onların məqsədi cəmiyyətin və ya onun bir hissəsinin bu əsaslarla bölünməsi, siyasi, sosial və iqtisadi gərginlik üçün əlverişli mühitin yaradılmasıdır. Digər ölkələrdə də buna bənzər hadisələr baş verir. Əsas məqsəd müəyyən münaqişə mövzusu yaradıb, gələcəkdə ondan istifadə etməkdir”.
Sabiq nazir bu cür hadisələrə və onların yaratdığı ictimai dalğaya mənfi yanaşdığını deyib:
“İctimai stabilliyin pozulması cəhdləri var. Bu baxımdan, məsələyə aid rəsmi məlumatlar çox olmalı və açıqlanmalıdır. Müxtəlif məlumatlar yayılır və açıq məsələdir ki, onların yayılması müəyyən məqsədlərlə həyata keçirilir. Mən isə bu proseslərdə iştirak etmək niyyətində deyiləm. İstintaq nəticələri açıqlanmayınca, hansısa fikir söyləmək düzgün olmaz".
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev oktyabrın 14-də həbs olunub.
İstintaq orqanının təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qiymət Mahir
tag: Tofiq Zülfüqarov,Keçmiş nazir,Ramiz Mehdiyev,Açıqlama,Todaypress.tv,
