Politoloq: “Qaçqın axınından yayınmaq üçün tədbirlər görməyə başlamalıyıq”
Təhlil
18.09.2025 16:17
“Avropa dövlətləri artıq üçüncü dünya ölkələrindən qaçqın və köçkün qəbul etmək istəmirlər”.
Bu sözləri politoloq Elçin Xalidbəyli TodayPress TV - yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müasir dünyada heç bir dövlət qaçqın və köçkün axınından sığortalanmayıb:
“Hazırda dünyada cərəyan edən proseslər göstərir ki, yaxın gələcəkdə analoji problemlər indikindən daha çox ola bilər. Avropa siyasi dairələri də bu təhlükəli tendensiyanı izləyir və anlayırlar ki, bu, Avropa məkanı üçün ciddi problemlər yarada bilər. Ona görə də humanitar siyasətlərini mümkün qədər məhdud çərçivədə saxlamağa çalışırlar. Avropa dövlətləri artıq üçüncü dünya ölkələrindən qaçqın və köçkün qəbul etmək istəmirlər. Bu isə həmin ölkələrdə problemlər yaradır. Avropa Birliyi qaçqın axınını başqa ölkələrə yönləndirməyə çalışır, hətta bunun üçün müəyyən dövlətlərə maliyyə də ayırır. Halbuki qlobal humanitar böhranların əsas səbəbi məhz Qərbin apardığı neoimperialist siyasətdir. Onlar özlərinin yaratdıqları problemləri başqa dövlətlərin üzərinə yükləməyə çalışırlar”.
Ekspertin sözlərinə görə, bu proses Azərbaycan üçün də müəyyən problemlər yarada bilər:
“Buna görə də Azərbaycan indidən qaçqın axınından yayınmaq istiqamətində tədbirlər görməyə başlamalıdır”.
Qeyd edək ki, Avropa və ABŞ-də sığınacaqlara yanaşmaların sərtləşməsi, beynəlxalq sığınma konvensiyalarının pozulması meylləri müşahidə olunur. Son illərdə müharibələr, siyasi repressiyalar və iqlim dəyişikliyi səbəbilə miqrasiya axınları rekord səviyyəyə çatıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2025-ci ilin ortalarında dünyada 120 milyondan çox insan evindən didərgin düşüb. Bu vəziyyət Avropa və ABŞ kimi ölkələrdə sərt, bəzən isə beynəlxalq hüquqa zidd olan sığınacaq siyasətləri ilə nəticələnir. Azərbaycan miqrasiya və qaçqın qəbul edən əsas ölkələrdən olmasa da, regionda humanitar böhranlara yaxın coğrafiyada yerləşir (Əfqanıstan, İran, Ermənistan). Azərbaycan hökuməti BMT-nin Qaçqınlar üzrə Konvensiyasına qoşulub və əməkdaşlıq edir. Hazırda ölkə daxilində müvəqqəti sığınacaq istəyənlər (əsasən Əfqanıstan, İran və Pakistan vətəndaşları) var, lakin onların statusları məhduddur və prosedurlar qapalı şəkildə həyata keçirilir.
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Qaçqın,Problem,Todaypress.tv,
