Dünyanın diqqəti yenidən Şuşada: Qlobal Media Forumundan gözləntilər artır

Siyasət

19.07.2025 15:20

“Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək Qlobal Media Forumu Azərbaycanın suverenliyinin təntənəsidir”. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu il ölkəmiz üçün yalnız “Konstitusiya İli” deyil, eyni zamanda “Suverenlik İli” kimi də tarixə yazılır. Prezident İlham Əliyevin bu barədə imzaladığı sərəncam, Azərbaycanın İkinci Qarabağ müharibəsində və sonrakı lokal antiterror əməliyyatında əldə etdiyi qəti qələbənin hüquqi və siyasi ifadəsidir.

“Azərbaycan öz torpaqlarını beynəlxalq dəstəyə deyil, öz gücünə və qətiyyətinə arxalanaraq işğaldan azad edib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu tarixi dönüş nöqtəsindən sonra azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş rezonans doğurur. Şuşa, Xankəndi, Laçın, Ağdam kimi şəhərlərin bir-birinin ardınca beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, təkcə infrastrukturun deyil, siyasi mesajların da dünyaya ötürülməsi baxımından əhəmiyyətlidir. Hər tədbirdən sonra dünyaya göstərilir ki, Azərbaycan bu ərazilərdə nəinki suverenliyini təmin edib, eyni zamanda burada müasir həyat və inkişaf modelini uğurla tətbiq edir”.

Deputat Şuşada milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbirin keçirilməsini də xüsusi rəmzi məna daşıyan hadisə kimi dəyərləndirir:

“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir, Türk dünyasının mədəniyyət mərkəzidir. Belə bir tədbirin məhz Şuşada təşkili, həm simvolik, həm siyasi, həm də mədəni bir mesajdır. Dünya ictimaiyyətinə göstərilir ki, bu torpaq əzəldən Azərbaycanındır və belə də qalacaq”.

Millət vəkili sonda vurğulayıb ki, bu kimi tədbirlər ölkənin həm informasiya suverenliyi, həm də siyasi-mədəni özünütəsdiqi baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər. 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunacaq və iyulun 21-dək davam edəcək.

Töhfə Səməd

tag: Arzuxan Əlizadə,Deputat,Qlobal,Media,Forum,Todaypress.tv,

photo