Millət vəkili: “Qafqazda müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”

Təhlil

28.05.2025 16:55

3

“107 il öncə qurulmuş Cümhuriyyətimiz bütövlükdə İslam dünyasında siyasi hüquqlar başda olmaqla, bir sıra hüquq və azadlıqların təsbit olunması, modern məzmunda müstəqillik anlayışı, parlamentarizm ənənəsi kimi məsələlərin timsalında çoxsaylı ilklərə imza atıb”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən deyib. 

O diqqətə çatdırıb ki, 28 May tariximizin ən şanlı və ən önəmli səhifələrindən biridir. 

“Lakin sirr deyil ki, həm 1918-ci ildə, həm 1991-ci ildə istiqlaliyyətimiz daha çox tarixi-siyasi proseslərin gedişatı ilə bağlı olub. Yəni 1918-ci ildə Rusiya İmperiyasının dağılması, 1991-ci ildə isə SSRİ-nin süquta uğraması ilə digər dövlətlərlə yanaşı, əsassız gecikmə ilə olsa da, biz də müstəqilliyimizi qazanmışıq.  Bu mənada, müstəqilliyimizin 107-ci il dönümündə Azərbaycan tarixçiliyi qarşısında ən ciddi problem hələ də yanlış olaraq suverenlik yolunun meydanlardan keçməsi kimi eyforiyanın davam etməsidir. Ən azı yaxın dövrdə yaşananlar göstərir ki, müstəqilliyə gedən yol meydanlardan keçmir, inqilablar yalnız ölkələr üzərində əl dəyişikliyinə gətirib çıxarır. Ona görə də biz, ilk növbədə, Xalq Cümhuriyyətinin Məhəmməd Əmin Rəsulzadənin müstəqillik mücadiləsinin nəticəsi olması, yaxud meydan hərəkatının SSRİ-ni dağıtması kimi absurd düşüncələrdən uzaq durmalıyıq. Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, müstəqilliyimiz tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir. Yəni müstəqilliyin təməlində 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması dayanır". 

Deputatın sözlərinə görə, Heydər Əliyevə qədər Azərbaycan özünün tarixinin heç bir dövründə müstəqilliyə aydın baxışa malik olmayıb. Hətta Cümhuriyyət dövrü və müstəqilliyin ilk illərində olduğu kimi, hələ də suverenliyi Rusiya ilə mübarizə kontekstində görənlər var. 

“Amma cənab İlham Əliyev göstərdi ki, böyük siyasətdə cılızlığa yer yoxdur. Sual yaranır, 2012-ci ildə rus hərbi bazasını, hazırda isə sülhməramlıları ölkədən çıxararkən 100 il öncəki, yaxud 90-cı illərin əvvəllərindəki davranışları niyə görmədik? Demək ki, problem Rusiya deyil, İrəvanı Ermənistana güzəştə gedən xəyanətkar təfəkkürlə, yaxud Xalq Cəbhəsi kimi cılız vizyonla yola çıxanda faciələr labüd olur. Demək ki, sözün əsl mənasında müstəqil davranmaq üçün ilk növbədə müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır. Necə ki, Heydər Əliyevin sovet Azərbaycanı məhz bu təfəkkürün sayəsində Xalq Cumhuriyyətindən də, 1991-1993-cü il Azərbaycanından da daha müstəqil davrana bilirdi. Amma, təəssüf ki, Əliyevlərə qədər ölkədə nəinki, bu təfəkkür hakim olmayıb, üstəlik hətta başqalarında da özümüzə ehtiram təlqin edə bilməmişdik”. 

Millət vəkilinin fikrincə, bütün bunların fonunda bizə aydın olmalıdır ki, Qafqaz regionunda müstəqilliyi qoruyub saxlamaq müstəqilliyi əldə etməkdən daha çətindir. Amma bu gün qürurla deyə bilərik ki, biz artıq öz müstəqilliyimizi qoruyacaq gücdəyik.   

Qeyd edək ki, 28 May Azərbaycanın Müstəqillik Günüdür. 

Töhfə Səməd

tag: Bəhruz Məhərrəmov,Deputat,Azərbaycan,28 May,Todaypress.tv,