Adı olub, özü olmayan 102-ci hərbi baza: “Oradakı silah-sursat cəbhəyə daşınıb” – Hərbi ekspert DETALLARI AÇDI

Təhlil

27.08.2025 14:26

“Nə Rusiya bazaları, nə Fransa silahları, nə də Hindistanın Ermənistana göstərdiyi hərbi-siyasi dəstək Azərbaycanı hədəflərindən yayındıra bilmədi. 102-ci hərbi baza Ermənistan üçün müəyyən əhəmiyyət kəsb etsə də, Azərbaycan üçün bu, sadəcə hərbi hissələrin mövcudluğundan başqa bir məna daşımır”.  

Hərbi ekspert Ədalət Verdiyev bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

O xatırladıb ki, Rusiyanın Quru Qoşunlarının tərkibində mövcud olan Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və bugünə qədər həmin baza Ermənistan ərazisində fəaliyyət göstərib. Oradakı şəxsi heyətin sayı 4000-5000 arasında dəyişir, baza isə Ermənistanın Gümrü və İrəvan şəhərlərində dislokasiya olunub. 

“Bu baza Rusiya rəhbərliyində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cənub qanadı hesab edilir. Ermənistan hərbi-siyasi rəhbərliyi uzun illər bu bazanı ölkənin təhlükəsizlik faktoru kimi ictimaiyyətə təqdim edib. Əslində isə 102-ci baza KTMT-nin NATO-ya qarşı Cənub cəbhəsi kimi yaradılıb. Lakin hazırda onun funksiyaları məhduddur. Son dövrlərdə burada mövcud olan silah, sursat və avadanlığın böyük hissəsi Ukraynaya qarşı mübarizə aparmaq üçün cəbhəyə daşınıb”. 

Ekspert hesab edir ki, hazırkı vəziyyətdə bazanın Azərbaycana qarşı hansısa addım atması mümkün deyil. Şəxsi heyətin sayı, texnika, silah-sursatın mövcudluğu və döyüşə hazırlıq səviyyəsi belə bir fəaliyyətə imkan vermir: 

"102-ci baza mövcud olduğu 30 il ərzində Azərbaycana qarşı real hərbi və ya digər təhlükə yaratmayıb. İndi isə bazanın döyüş imkanları kifayət qədər zəifləyib. Digər tərəfdən, Ermənistan ictimaiyyəti artıq bu bazanın ölkə ərazisindən çıxarılması ilə bağlı etiraz səslərini ucaldır. Uzun illər Ermənistan bu hərbi bazanı “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi və işğal siyasətinin davamı üçün mühüm element kimi görürdü. Lakin son illərin təcrübəsi göstərdi ki, bu baza heç bir həlledici rol oynamır”.

Ə.Verdiyev əlavə edib ki, Ermənistan ərazisində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə aid sərhəd qoşunlarının Gümrü, Armavir, Artaşat və Mehridə yerləşən dörd sərhəd dəstəsi də mövcuddur. Onlar Ermənistanın Türkiyə ilə 345 km-lik, İranla isə 45 km-lik sərhədinin qorunmasını təmin edirlər. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, Rusiyanın Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. 

“Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”. 

Aysel Mətləb

tag: Ədalət Verdiyev,Ekspert,Ermənistan,102-ci hərbi baza,Todaypress.tv,

photo