Süddə antibiotikin aşkarlanması üçün yeni üsul hazırlandı
Sağlamlıq
30.06.2025 20:00
Rusiyanın Tomsk Dövlət Universitetinin alimləri süd məhsullarında tez-tez istifadə olunan “sulfaguanidin” antibiotikinin süd zərdabında aşkarlanması üçün yeni, flüoresans effektinə əsaslanan metod hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta.ru”ya Elm və Ali Təhsil Nazirliyindən məlumat verilib.
Mütəxəssislər antibiotikin özünəməxsus flüoresans xüsusiyyətlərini aşkara çıxarıb. Bu isə onun süd zərdabında yüksək dəqiqliklə müəyyənləşdirilməsinə imkan verir.
Sulfaguanidin infeksiyalı xəstəliklərin, xüsusən də heyvanlarda — o cümlədən inəklərdə müalicəsində geniş istifadə olunur. İstehsalçılar bəzən bu maddədən normadan artıq istifadə etdikləri üçün antibiotikin izlərinə süddə də rast gəlinə bilər. Lakin süd məhsullarının tərkibi analizə mane olduğundan bu cür maddələrin aşkarlanması çətinlik yaradır.
Mövcud üsullar — test zolaqları və biosensorlar bəzən yanlış pozitiv nəticələr verir. Bu səbəbdən komanda daha həssas və dəqiq nəticə verən spektofoto-flüorimetrik metodlara üstünlük verib. Flüorimetrik üsullar çox aşağı konsentrasiyaları belə aşkarlaya bilir və real vaxtda analiz üçün uyğundur. Üstəlik, bu üsullar bahalı reagent və avadanlıq tələb etmir.
Təcrübələr kommersiya süd markalarının zərdabı üzərində aparılıb. Südə əvvəlcədən məlum miqdarda sulfaguanidin əlavə edilib, sonra isə zərdab analiz edilib. Alimlər həmçinin siqnalı gücləndirmək üçün brombkrezol bənövşəyi və metilen göyü kimi reagentlərdən istifadə ediblər.
Sonda məlum olub ki, brombkrezol bənövşəyi zondunun iştirakı ilə flüoresans üsulu antibiotikin aşkarlanmasında ən yüksək həssaslığı təmin edir.
Gələcəkdə bu texnologiyaya əsaslanan portativ cihaz hazırlanması planlaşdırılır. Beləliklə, südün istehsalı və emalı zamanı antibiotik qalıqlarının operativ aşkarlanması mümkün olacaq.
Qiymət Mahir
tag: Süd,Antibiotik,Alim,Elm,Todaypress.tv,