Həyatındakı məqsəd insanı xilas edə bilər

Sağlamlıq

17.09.2025 19:30

ABŞ-də aparılan genişmiqyaslı araşdırma göstərib ki, həyatda məqsədə sahib olmaq koqnitiv pozğunluqların, o cümlədən Alzheimer xəstəliyinin inkişaf riskini azalda bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "naked-science.ru" saytı məlumat yayıb.

Kaliforniya Universitetinin (Davis) alimləri tərəfindən aparılan tədqiqatda yaşı 45-dən yuxarı 13 min 765 nəfər amerikalının uzunmüddətli monitorinqi həyata keçirilib. Araşdırma dövründə iştirakçıların 13 faizində koqnitiv pozğunluq qeydə alınıb.

Alimlər müəyyən ediblər ki, həyatında məqsəd görən şəxslərdə belə pozğunluqların yaranma ehtimalı 28 faiz daha azdır. Bu təsir irq, etnik mənsubiyyət, cins və təhsil səviyyəsindən asılı olmayaraq müşahidə olunub. 

Tədqiqat zamanı o da müəyyən edilib ki, həyatda məqsədi olan insanlarda koqnitiv tənəzzül, digərlərlə müqayisədə orta hesabla 1,4 ay gec başlayır.

Alimlər bildirirlər ki, həyat məqsədi demensiyanın inkişafına qarşı psixososial müqaviməti gücləndirə bilər və bu, farmakoloji müdaxilələrlə yanaşı, beyin sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Alzheimer,Yaddaş,Test,Todaypress.tv,