Gec oyanmağın zərərləri
Sağlamlıq
03.06.2025 19:45
Niderlanddan olan tədqiqatçılar müəyyən ediblər ki, gec oyanmağa üstünlük verən insanlarda zehni qabiliyyətlərin zəifləməsi daha sürətli baş verir. Onlar bu nəticəyə 10 il ərzində 24 minə yaxın insanın müşahidəsindən sonra gəliblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “The Journal of Prevention of Alzheimer’s Disease” elmi jurnalında dərc olunub.
Məlum olub ki, yuxu rejiminin hər bir saat gecikməsi iştirakçıların yaddaş və diqqət testlərində daha zəif nəticə göstərməsi ilə əlaqələndirilir. Alimlər qeyd edirlər ki, gec yatıb-oyanmaq vərdişi adətən keyfiyyətsiz yuxu və siqaret kimi zərərli vərdişlərlə müşayiət olunur. Məhz bu amillər beyin fəaliyyətinin zəifləməsində əsas rol oynayır.
Müəlliflər vurğulayırlar ki, gecə rejimində yaşamaq özü-özlüyündə təhlükəli deyil. Lakin bu, sosial ritmə – erkən işə və ya dərsə getməyə uyğunlaşmanı çətinləşdirir və beləliklə “sosial jetlaq” adlanan vəziyyət yaranır. Bu da orqanizmə əlavə yük yaradır. Tədqiqatçılar qeyd edirlər ki, gündəlik rejimin tənzimlənməsi, yuxu keyfiyyətinin artırılması və zərərli vərdişlərdən imtina bu riski azaltmağa kömək edə bilər.
Töhfə Səməd
tag: Niderland,Yuxu,Yatmaq,todaypress.tv,