Dəri xərçəngi kişilərdə və qadınlarda fərqli inkişaf edir
Dəri xərçəngi növü olan melanomanın bədənə təsir etdiyi nahiyələr kişilər və qadınlar arasında ciddi şəkildə fərqlənir.
TodayPress TV xəbər verir ki, bu nəticə Böyük Britaniyada fəaliyyət göstərən “Cancer Research UK” təşkilatının (CRUK) apardığı genişmiqyaslı təhlilə əsaslanır.
Tədqiqat göstərir ki, kişilərdə melanomanın 40%-i bədənin gövdəsində – kürək, sinə və qarın hissəsində aşkarlanır ki, bu da ildə təxminən 3700 yeni hal deməkdir. Qadınlarda isə halların 35%-i aşağı ətraflarda – budlardan ayaq barmaqlarına qədər olan hissədə qeydə alınır. Bu isə ildə orta hesabla 3200 yeni hadisə deməkdir.
Mütəxəssislər bu fərqi davranışlarla izah edirlər: kişilər günəş altında tez-tez köynəksiz olur, qadınlar isə isti aylarda tez-tez şort və ya ətək geyinirlər ki, bu da müxtəlif bədən hissələrinin UV şüalanmasına məruz qalma səviyyəsini dəyişir.
CRUK-un məlumatına görə, melanomanın 87%-i, yəni ildə 17 100 hal ultrabənövşəyi şüalanmaya həddindən artıq məruz qalma ilə əlaqədardır.
“The Guardian” yazır ki, Böyük Britaniyada dəri xərçəngi üzrə diaqnoz qoyulanların sayı rekord həddə çatıb: 2007–2009-cu illərlə müqayisədə 2017–2019-cu illər arasında hər 100 min nəfərə düşən diaqnoz sayı 21-dən 28-ə yüksəlib. Bu dövrdə 80 yaşdan yuxarı insanlar arasında xəstəliyin yayılması 57%, 25–49 yaş arası şəxslər arasında isə 7% artıb.
Xeyriyyə təşkilatı bu il də melanomanın artmağa davam edəcəyini və ümumi sayın 21 300-ə çatacağını proqnozlaşdırır.
Qiymət Mahir
tag: Dəri xərçəngi,Kişi,Qadın,Xəstəlik,todaypress.tv,