Zəngli saatı ertələyənlərə XƏBƏRDARLIQ

Sağlamlıq

20.05.2025 11:49

7

ABŞ-də aparılan yeni bir araşdırma sübut edib ki, dünyanın müxtəlif ölkələrindən olan insanların əksəriyyəti yuxu mütəxəssislərinin xəbərdarlıqlarına baxmayaraq, hər səhər zəngli saatın "təxirə salınması" funksiyasından istifadə edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Scientific Reports" elmi jurnalı məlumat yayıb.

Tədqiqat zamanı "Sleep Cycle" adlı yuxu izləmə tətbiqindən istifadə edən 21 mindən çox insanın məlumatları təhlil olunub. Analiz göstərib ki, 56 faizdən çox hallarda insanlar zəngi ertələyir və bu vərdiş hər səhər ortalama 11–20 dəqiqə vaxt itkisinə səbəb olur.

Alimlərin fikrincə, bu vərdişin sağlam yuxuya ciddi mənfi təsiri var. Belə ki, zəngi təkrar-təkrar ertələyən şəxslər daha az dərin yuxuya gedirlər. Halbuki səhər saatlarına təsadüf edən dərin yuxu mərhələsində beyin bərpa olunur, yaddaş möhkəmlənir və emosional emal prosesi baş verir. Zəngin davamlı təxirə salınması bu həyati vacib funksiyaların qarşısını alır.

Ekspertlərin tövsiyəsi sadədir: zəngi yalnız bir dəfə və oyanmaq istədiyiniz real vaxta qurun və təkrar səsləndirməyə imkan vermədən dərhal durun. Bu, daha keyfiyyətli yuxuya və gün ərzində daha yüksək əhval-ruhiyyə ilə fəaliyyətə başlamağa kömək edəcək.

Töhfə Səməd

tag: ABŞ,Yuxu,Zəngli saat,Sleep Cycle,todaypress.tv,