Qoyun əti yeyərkən diqqətli olun! - Həkimdən XƏBƏRDARLIQ
Sağlamlıq
06.06.2025 16:49
"Qoyun əti zülal və dəmir baxımından dəyərli olsa da, bəzi mənfi təsirləri də var".
Həkim Qoşqar İsmayılov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qoyun ətinin ən böyük problemi onun yağlı olmasıdır. Xüsusilə daxili piylər və quyruq yağı ilə birlikdə qəbul edildikdə, bu, xolesterin səviyyəsini yüksəldir və ürək-damar sisteminə ciddi ziyan verə bilər.
"Bir sıra xəstəlikləri olan şəxslər qoyun ətindən ya uzaq durmalı, ya da çox məhdud miqdarda qəbul etməlidirlər. Məsələn, yüksək təzyiq, ürək çatışmazlığı, xolesterini yüksək olanlar, şəkərli diabet xəstələri üçün qoyun əti təhlükə yarada bilər. Həmçinin, mədə turşuluğu, refluks, öd kisəsində problem və ya daşı olanlar ehtiyatlı olmalıdırlar".
Həkimin sözlərinə görə, sağlam insanlar da ətin miqdarına və bişirmə üsuluna diqqət etməlidir. Qoyun ətini yağsız hissələrdən seçmək, qızartmadan deyil, qaynadılmış və ya sobada bişmiş şəkildə qəbul etmək daha faydalıdır.
"Eyni zamanda, tərəvəzlərlə birlikdə yemək həm həzmi asanlaşdırır, həm də balanslı qidalanma baxımından vacibdir. Gündəlik istehlak miqdarı da çox olmamalıdır", - deyə Qoşqar İsmayılov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, 6-7 iyun tarixlərində Azərbaycanda Qurban Bayramı günü qeyd olunur.
Türkan İsgəndərli
tag: Qoşqar İsmayılov,Həkim,Qoyun Əti,Xəbərdarlıq,Todaypress.tv,
