Kofein yaşlanmağın qarşısını alır

Sağlamlıq

27.06.2025 18:00

London Kraliça Mariya Universiteti və Frensis Krik İnstitutunun alimləri aşkar ediblər ki, kofein hüceyrələrdə əsas “yanacaq sensörü” sayılan "AMPK" yoluna təsir göstərir. Bu yol hüceyrənin böyüməsini, stresə qarşı dözümlülüyünü və bərpa qabiliyyətini tənzimləyir.

TodayPress TV xəbər verir ki, tədqiqat "Microbial Cell" jurnalında dərc olunub.

Əvvəllər kofeinin hüceyrə yaşlanması və böyüməsinə cavabdeh "TOR" (rapamisin hədəfi) yoluna birbaşa təsir etdiyi düşünülürdü. Lakin yeni araşdırma göstərir ki, kofein bu təsiri birbaşa deyil, "AMPK" yolu vasitəsilə göstərir. Kofein "AMPK" yolunu aktivləşdirərək maya hüceyrələrinin zədələrə qarşı dayanıqlığını artırır və onların həyat dövrünü uzadır.

Alimlər kofeinin üç əsas təsirini vurğulayırlar: hüceyrə böyüməsinin yaxşılaşması, DNT-nin qorunması və stressə davamlılıq. "AMPK" yolunu blokladıqda bu təsirlər itir, bu da mexanizmin mərkəzi rolunu təsdiqləyir.

Hazırda tədqiqat yalnız mayalar üzərində aparılsa da, alimlər qeyd edirlər ki, "AMPK" bir çox canlı orqanizmlərdə, o cümlədən insanlarda da mövcud olan universal tənzimləyicidir. Gələcəkdə bu, sağlamlıq və gəncliyi uzadan yeni dərmanların hazırlanmasına əsas ola bilər.

Töhfə Səməd 

tag: London Kraliça Mariya Universiteti,Kofein,Alimlər,AMPK,Todaypress.tv,