İtin dişlədiyi yeniyetmə öldü: "Bu, qarşısı alına bilən ölümdür"

Sağlamlıq

08.10.2025 15:29

Tovuzda rayon sakini olan yeniyetmə itin dişləməsi nəticəsində bir ay sonra dünyasını dəyişib.

Belə ki, bir müddət keçdikdən sonra məktəblinin halı pisləşib.

O, əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bəs bu kimi bədbəxt hadisələrin qarşısını almaq üçün nə etmək lazımdır?

İnfeksionist, zoonoz xəstəliklər üzrə mütəxəssis Fərid Quliyev TodayPress TV-yə danışarkən bildirib ki, bu kimi halların əsas səbəbi vaxtında peyvəndlənmənin aparılmamasıdır.

Onun sözlərinə görə, əgər insanı it, pişik və ya hər hansı digər ev heyvanı dişləyibsə, dərhal tibb müəssisəsinə müraciət edilməlidir:

"Çünki quduzluq və ya başqa zoonoz infeksiyalar çox təhlükəlidir, yoluxduqdan sonra müalicəsi mümkün deyil. Yeganə qorunma yolu vaxtında peyvənd olunmaqdır".

Mütəxəssis qeyd edib ki, ev heyvanlarının peyvəndlənməsi də ən vacib profilaktik tədbirdir:

"Heyvan sahibləri hər il it və pişiklərinə qarşı quduzluq peyvəndi etdirməlidirlər. Quduzluğa qarşı peyvənd həm heyvanı, həm də insanları qoruyur. Təəssüf ki, bəzən insanlar "it ev itidir, heç kimə zərər verməz" düşüncəsi ilə ehtiyatsız davranır. Nəticədə isə belə faciələr baş verir".

Fərid Quliyev əlavə edib ki, bu cür hadisələr tam qarşısı alına bilən ölümlərdir:

"Sadəcə maarifləndirmə, diqqət və vaxtında tibbi yardım kifayətdir. Əgər dişlənmə baş veribsə, bir dəqiqə belə itirmədən həkimə müraciət olunmalıdır", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tovuz,İt,Ölüm,Peyvənd,Todaypress.tv,

photo