Pandemiya beyinlərin sürətlə qocalmasına səbəb oldu: Kişilər təhlükə altındadır
Sağlamlıq
28.07.2025 10:39
İngiltərədə aparılan yeni bir tədqiqat pandemiya dövründə insanların beyinlərinin, 2020-ci ildən əvvəlki dövrlə müqayisədə, orta hesabla 5,5 ay daha tez qocaldığını ortaya qoyub. Maraqlısı budur ki, bu dəyişikliklər COVID-19 keçirməyən şəxslərdə də müşahidə edilib.
TodayPress TV xəbər verir ki, Nottingem Universitetinin alimləri "UK Biobank" məlumat bazasında yer alan 15 mindən çox yetkin şəxsin beyin görüntülərindən istifadə edərək sağlam beyin qocalmasını qiymətləndirən süni intellekt modeli hazırlayıblar. Model pandemiyadan əvvəl və pandemiya zamanı çəkilmiş beyin görüntülərini müqayisə edərək beyin yaşlanmasındakı dəyişiklikləri təhlil edib.
Tədqiqatı aparan nevroloqlar bildirib ki, beyin geriləməsinin əsas səbəbləri arasında sosial təcrid, qeyri-müəyyənlik və psixoloji təzyiqlər dayanır. Lakin mütəxəssislər diqqətə çatdırıb ki, aparılan tədqiqatlar yalnız iki zaman diliminə əsaslanır və bu beyin geriləməsi bərpa edilə, əvvəlki vəziyyətinə qaytarıla bilər.
Mütəxəssislər əlavə ediblər ki, beyin yaşının artması mütləq şəkildə idrak bacarıqlarının zəifləməsi ilə nəticələnmir. Bu tip zehni zəifləmə yalnız virusa yoluxmuş şəxslərdə qeydə alınıb.
Qeyd edək ki, araşdırmaya görə, kişilərdə beyin maddələrində daha çox dəyişiklik müşahidə olunub.
Töhfə Səməd
tag: Pandemiya,COVID-19,Beyin,Qocalmaq,Todaypress.tv,