Yaddaş problemi olanların NƏZƏRİNƏ: Qarşısını alan molekul kəşf edildi

Sağlamlıq

19.05.2025 14:41

9

Braziliyalı alimlər həm təbii qocalma, həm də demensiya ilə əlaqəli olan koqnitiv pozuntuları geri qaytara bilən molekul aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Aging Cell" elmi jurnalında məlumat dərc olunub.

Tədqiqatın nəticələrinə görə, hevin adlı bu maddə beyindəki köməkçi hüceyrələr olan astrositlər tərəfindən ifraz olunur və sinirlər arasındakı rabitəni yaxşılaşdıraraq yaddaş funksiyalarını bərpa edir.

Laboratoriya siçanları üzərində aparılan sınaqlar hevin səviyyəsinin artırılmasının həm Alzheimer xəstəliyinin modelində, həm də sağlam yaşlı heyvanlarda yaddaş zəifləməsinin qarşısını aldığını göstərib. Maraqlıdır ki, bu maddə Alzheimer xəstəliyinin əsas göstəricilərindən sayılan beta-amiloid lövhələrinə birbaşa təsir göstərməyib. Tədqiqatçılar bu məqamı xəstəliyin yalnız lövhə yığılması ilə deyil, sinir hüceyrələrinin plastiklik qabiliyyətinin azalması da daxil olmaqla çoxsaylı amillərlə əlaqəli olması ilə izah edirlər.

Alimlər qeyd edirlər ki, bu tapıntı astrositlərin beyin funksiyalarında oynadığı rola yenidən baxılmasına səbəb olub. İndiyə qədər diqqət əsasən neyronlara yönəlmişdi, lakin indi məlum olur ki, beynin dəstək hüceyrələri demensiya və yaşla bağlı yaddaş pozuntularının müalicəsində potensial əsas hədəf ola bilər.

Töhfə Səməd

tag: Braziliya,Alim,Yaddaş,Alzheimer ,todaypress.tv,