Alzheimer bütün orqanizmə təsir edir
Sağlamlıq
08.06.2025 13:17
Baylor Tibb Kolleci və Dunkan Nevroloji İnstitutunun alimləri müəyyən ediblər ki, Alzheimer xəstəliyi yalnız beyinə deyil, həm də maddələr mübadiləsinə, görmə və qoxu alma sistemlərinə təsir göstərir.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri Neuron jurnalında dərc olunub.
Tədqiqat zamanı alimlər Alzheimer xəstəliyi ilə əlaqəli "Aβ42" və "tau" zülallarını meyvə milçəklərinin neyronlarına yerləşdiriblər.
Bu yanaşma sayəsində xəstəliyin yetkin orqanizmdə yaratdığı dəyişikliklər öyrənilib.
Nəticələr göstərib ki, "Aβ42" zülalı əsasən qavrayışla bağlı neyronlara – görmə, eşitmə və xüsusilə qoxu neyronlarına təsir göstərir. Qoxu alma qabiliyyətinin azalması Alzheimer xəstəliyinin erkən əlaməti kimi qiymətləndirilir.
"Tau" zülalının isə periferik toxumalara təsir etdiyi müşahidə olunub. Milçəklərdə həzm problemləri, lipid mübadiləsi pozğunluqları və sürətli qocalma əlamətləri aşkarlanıb. Bu, beyin və bədən arasında əlaqələrin pozulmasından xəbər verir.
Alimlər 219 hüceyrə növünü əhatə edən hüceyrə atlası yaradıb. Bu atlas Alzheimer xəstəliyinin təkcə nevroloji deyil, sistemli bir xəstəlik olduğunu göstərir və gələcək tədqiqatlar üçün əhəmiyyətli vasitə hesab olunur.
Türkan İsgəndərli
tag: Alzheimer,Xəstəlik,Beyin,Bədən,todaypress.tv,