Kimlərin xərçəngə tutulma riski daha çoxdur? – HƏKİM DANIŞDI
Sağlamlıq
07.08.2025 12:10
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin yeni açıqlamasına əsasən, hava çirkliliyi ağciyər xərçənginin yaranmasında mühüm rol oynayır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan həkim-terapevt Etibar Süleymanov bildirib ki, ağciyər xərçənginin ən geniş yayılmış səbəbi siqaret çəkməkdir.
Lakin bu risk yalnız aktiv siqaret çəkənlər üçün deyil, həm də passiv şəkildə siqaret tüstüsünə məruz qalan şəxslər üçün də keçərlidir.
Həkim siqaretlə yanaşı, ətraf mühitin çirklənməsinin də ağciyər xərçənginin yaranmasında ciddi faktor olduğunu vurğulayıb:
“Zavod və avtomobil tüstüləri, atmosferdəki zəhərli qazlar, asbest, radon, arsen kimi maddələr də xərçəngin inkişafına səbəb ola bilər. Məsələn, bəzi dam örtükləri asbestdən hazırlanır ki, bu da sağlamlıq üçün təhlükəli hesab olunur. Bəzən ağciyər xərçəngi digər orqanlarda yaranan xərçəngin yayılması nəticəsində də formalaşa bilər”.
Mütəxəssis şübhəli hallarda diaqnozun dəqiqləşdirilməsi üçün əsasən rentgen, kompüter tomoqrafiyası və biopsiya müayinələrinin aparılmalı olduğunu diqqətə çatdırıb.
"Sidik kisəsi, prostat, yumurtalıq kimi orqanlarda yaranan şişlər ağciyərə metastaz verə bilər. Bundan əlavə, genetik faktorlar da əhəmiyyətlidir. Yəni, ailədə bu xəstəlik müşahidə olunubsa, risk artır. Bu səbəbdən vaxtında müayinə çox vacibdir", - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanda ağciyər xərçəngi ən çox diaqnoz qoyulan onkoloji xəstəliklər sırasında ikinci yerdə qərarlaşır. Birinci yerdə isə döş xərçəngi dayanır.
Türkan İsgəndərli
tag: Etibar Süleymanov,Terapevt,Xərçəng,Risk,Todaypress.tv,
