Yağışdan sonrakı “təhlükə”: Zəhərli göbələklərdən necə qorunaq?
Sağlamlıq
23.09.2025 17:36
Yağış mövsümünün başlaması ilə göbələk istehlakı artıb. Lakin məlumdur ki, bu qidanın zəhərli növləri insan həyatı üçün ciddi təhlükə yaradır.
Bəs belə fəsadların qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan qida eksperti İlkin Şirinov bildirib ki, göbələk düzgün şəraitdə satılmadıqda və saxlanılmadıqda, hətta zəhərsiz növləri belə təhlükə yaradır:
"Göbələklə bağlı zəhərlənmə halları artıq intensiv hal alıb. Yol kənarlarında satılan göbələklərin hansı şəraitdə yığılıb-satıldığı məlum deyil. Bundan başqa, insanlar tez-tez yeməli göbələkləri zəhərlilərdən ayıra bilmirlər. Məsələn, "şampinyon"u "amanita" ilə qarışdırırlar. "Amanita"nın az bir hissəsini yemək belə ölümlə nəticələnə bilər".
Ekspert əlavə edib ki, əlverişsiz şəraitdə saxlanılan göbələklər də insan həyatı üçün təhlükə daşıyır:
"Avtomobillərdən çıxan qazları özünə çəkən göbələk zəhərli qidaya çevrilir. Təəssüf ki, bəzi insanlar dad və görünüşünə baxaraq göbələyi ayırd etməyə çalışırlar. Bu isə mümkün deyil".
Mütəxəssisin sözlərinə görə, zəhərlənmələrin qarşısını almaq üçün kafe və restoranlarda ciddi nəzarət tədbirləri həyata keçirilməlidir:
"Bu gün ən azı ictimai iaşə müəssisələrində monitorinqlər aparılmalıdır. Göbələkdən hazırlanan yeməklərin hansı şəraitdə saxlanıldığı araşdırılsa, çox ciddi problemlərin şahidi olarıq. Təəssüf ki, aidiyyəti qurumlar bu məsələyə lazımınca diqqət yetirmirlər".
İlkin Şirinov hesab edir ki, göbələk zəhərlənmələrinə qarşı həm nəzarət gücləndirilməli, həm də maarifləndirmə işləri aparılmalıdır.
"Ən azından insanlara izah edilməlidir ki, yol kənarında satılan göbələklərin alınması böyük riskdir. Maarifləndirici söhbətlər insanların həyatını xilas edə bilər", - deyə o fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: İlkin Şirinov,Qida Eksperti,Yağış,Göbələk,Todaypress.tv,
