Ət əvəzinə paxlalılar yemək sağlamlıq üçün faydalıdır
Sağlamlıq
24.09.2025 19:45
Finlandiyanın Helsinki Universitetində aparılan yeni tədqiqatın nəticələrinə görə, qırmızı və işlənmiş ətin müəyyən hissəsinin paxlalılarla əvəz olunması orqanizmdə lipid mübadiləsini yaxşılaşdırır, bədən çəkisini azaldır və ürək-damar xəstəlikləri riskini aşağı salır.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “European Journal of Nutrition” jurnalında dərc olunub.
Tədqiqatda 21-61 yaş arasında olan 102 sağlam kişi iştirak edib. Onlar təsadüfi şəkildə iki qrupa bölünüblər.
Birinci qrupun üzvləri həftəlik təxminən 760 qram qırmızı və işlənmiş ət (mal əti, donuz əti, kolbasa və s.) istehlak ediblər. İkinci qrup isə həftədə cəmi 200 qram ət qəbul edib, əsas protein mənbəyi kimi isə paxlalılardan (noxud, mərcimək, lobya və s.) istifadə olunub.
Tədqiqat boyunca iştirakçılar gündəlik qidalanmalarını qeydə alıblar və müəyyən aralıqlarla qan və sidik nümunələri təqdim ediblər. Alimlər onların bədən çəkisi, bədən kütləsi indeksi (BMI) və ürək-damar xəstəlikləri riskini göstərən biomarkerlər üzərində müşahidələr aparıblar.
Nəticələr sübut edib ki, paxlalı qidalarla qidalanan qrupda ümumi və "LDL" (pis) xolesterin səviyyəsi azalıb. Bu iştirakçılarda həmçinin bədən çəkisi və "BMI" göstəricilərində müsbət dəyişikliklər baş verib. Onlar daha çox lif, dəmir və doymamış yağ turşuları qəbul ediblər, lakin B12 vitamini, yod və doymuş yağ qəbulu daha aşağı olub.
Tədqiqat müəllifləri bildiriblər ki, bu cür pəhriz dəyişiklikləri xüsusilə ürək-damar xəstəliklərinin və 2-ci tip diabetin qarşısının alınmasında effektiv rol oynaya bilər.
Türkan İsgəndərli
tag: Ət,Paxlalı,Damar,Ürək,Todaypress.tv,
