“Azərbaycanda həkim etikası yoxdur” – Professor qəzəbləndi
Sağlamlıq
24.07.2025 17:51
Son günlərdə bəzi ginekoloq həkimlərin müayinə zamanı pasiyentlərini çəkib sosial şəbəkələrdə paylaşması cəmiyyətdə ciddi narazılıqla qarşılanır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bu cür davranışların yolverilməz olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda həkim etikası və davranış kodeksi yoxdur. Halbuki dünyanın əksər ölkələrində bu, qanunlar toplusu şəklində mövcuddur.
"Bizdə isə sadəcə Hipokrat andı ilə kifayətlənirlər. Video paylaşılması, pasiyentin haqlarının tapdanması deməkdir. Bundan əlavə müayinə, əməliyyat zamanı sterillik və aseptik-konseptual qaydalar pozulduqda, bu, pasiyentin həyatı üçün risk daşıyır”.
Professor qeyd edib ki, həkimin diqqətinin yayındırılması və sosial media üçün görüntülər hazırlaması işin mahiyyətinə və xəstənin təhlükəsizliyinə ziddir.
O, həkimlərə çağırış edərək bildirib ki, reklam məqsədli paylaşımlardan uzaq durmalı, pasiyentlərin razılığı olmadan heç bir görüntü ictimailəşdirilməməlidir:
"Bu cür hallar hüquqi məsuliyyət doğuran ciddi məsələlərdir. Ona görə də bununla bağlı tədbir görülməlidir ki, gələcəkdə təkrarlanmasın. Biz hüquqi dövlətdə yaşayırıq, qanunlara əməl etməliyik. Həkimlər özlərini ciddi aparmalı və beynəlxalq tibbi etik qaydalara riayət etməlidirlər", - Adil Qeybulla fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Adil Qeybulla,Professor,Həkim,Etika,Todaypress.tv,