Ağciyər fibrozunun görməyə təsiri açıqlandı

Sağlamlıq

08.09.2025 19:30

Ağciyər fibrozunun qanındakı oksigen səviyyəsinin sistemli şəkildə azalmasına səbəb olması nəticəsində görmənin pisləşməsi mümkündür.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail”ə Qlazqodakı Kaledoniya Universitetinin oftalmoloqu Stiven Hannan məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ağciyər fibrozunda normal ağciyər toxuması birləşdirici toxuma ilə əvəz olunur. Bu prosesə pnevmoniya, bronxit, KOAH, vərəm, çirkli havanın tənəffüsü, autoimmun xəstəliklər və ağır koronavirus infeksiyası səbəb ola bilər.

“Zədələnmiş ağciyər toxuması nəfəs almanı çətinləşdirir və qana daxil olan oksigeni azaldır. Bu isə yalnız təngnəfəslik, öskürək, yorğunluq və zəiflik yaratmır, eyni zamanda gözlərin sağlamlığına da ziyan vurur”, – deyə Hannan bildirib.

Onun sözlərinə görə, oksigen çatışmazlığı torlu qişa və görmə sinirinin fəaliyyətini pozur, bu da zamanla görmənin zəifləməsinə gətirib çıxara bilər. Görmə dəyişiklikləri bulanıqlıqdan tutmuş ağır hallarda torlu qişanın zədələnməsinə qədər dəyişə bilər. Göz damarlarının daha qabarıq və tünd görünməsi də mümkündür.

Hannan əlavə edib ki, ağciyər fibrozunun kortikosteroidlərlə müalicəsi katarakta riskini artırır. Bu səbəbdən belə xəstələrin mütəmadi olaraq oftalmoloq müayinəsindən keçməsi, oksigen səviyyəsinə nəzarət etməsi, su balansını qoruması və göz quruluğu simptomlarını nəmləndirici damcılarla aradan qaldırması vacibdir.

Qiymət Mahir

TodayPress TV

tag: Ağciyər ,Stiven Hannan ,Katarakta ,Göz,Todaypress.tv,