Fitnes demansın inkişafını yavaşlada bilər

Sağlamlıq

09.09.2025 18:45

Alimlər müəyyən ediblər ki, həm fiziki hərəkət, həm də zehni tapşırıqları birləşdirən xüsusi oyunlar demansın erkən mərhələsində olan insanlarda beynin zəifləməsini ləngidə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Alzheimer's Research & Therapy" jurnalında bildirilib.

Tədqiqatda Alzheimer xəstəliyinə meyilli 41 nəfər iştirak edib. Onların bir hissəsi “Brain-IT” adlı proqramla məşğələlərə qatılıb. Bu proqram həm idman hərəkətlərini, həm də yaddaş və diqqətlə bağlı tapşırıqları əhatə edir.

Nəticədə bu insanların beynində demansdan ilk zərər görən bölgələrin həcmi artıb, yaddaş testlərində daha yaxşı nəticələr göstəriblər. Həmçinin beyin bölgələri arasında əlaqələrin gücləndiyi də müşahidə edilib.

Adi müalicə alan digər iştirakçılarda isə belə dəyişikliklər olmayıb.

Alimlər bildirirlər ki, bu üsul gələcəkdə Alzheimer xəstəliyinin inkişafını yavaşlatmaq üçün faydalı vasitə ola bilər.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Alzheimer,Xəstəlik,Yaddaş,Test,Todaypress.tv,