Yeni kəşf diabetli insanlara ümid işığı ola bilər
Sağlamlıq
06.10.2025 05:54
Kaliforniya Universiteti və Davis alimləri qan şəkərinin təhlükəli dərəcədə aşağı düşməsinin qarşısını almaq üçün bədən hüceyrələrinin necə birlikdə işlədiyini öyrəniblər.
TodayPress TV "EurekAlert"ə istifadən xəbər verir ki, bu, diabetli insanların həyatını yaxşılaşdırmağa və hipoqlikemiyadan (qan şəkərinin qəfil düşməsi) qorunmağa kömək edə bilər.
Diabetli insanlar həm yüksək, həm də çox aşağı qan şəkəri ilə üzləşirlər. Qan şəkərinin qəfil düşməsi huşunu itirməyə, komaya və hətta ölümə səbəb ola bilər. Alimlər göstərirlər ki, bu prosesdə mədəaltı vəzinin xüsusi hüceyrələri mühüm rol oynayır.
İnsulin mədəaltı vəzidəki beta hüceyrələri tərəfindən istehsal olunur. Amma delta hüceyrələri də insulini tənzimləməyə kömək edir. Araşdırmalar göstərir ki, beta və delta hüceyrələri bir ritm üzrə “nəbz vurur” və bir-biri ilə elektrik siqnalları vasitəsilə əlaqə saxlayır. Delta hüceyrələri insulin ifrazını dayandırmaq üçün somatostatin hormonunu buraxır, bu da qan şəkərinin qəfil düşməsinin qarşısını alır.
Siçanlar üzərində aparılan sınaqlar göstərib ki, delta hüceyrələri işləmədikdə qan şəkəri davamlı aşağı qalır. Diabetli insanlarda isə bu sistem zəif olduğundan hipoqlikemiya riski artır.
Alimlər hesab edirlər ki, beta və delta hüceyrələri arasındakı koordinasiyanı bərpa etmək diabet müalicəsində yeni imkanlar açır. Bu yanaşma mövcud dərmanların daha effektiv işləməsinə və ağır qan şəkəri düşmələrinin qarşısının alınmasına kömək edə bilər.
Qeyd edək ki, araşdırma UC Davis və Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirilib və "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Jalə Rövşən
tag: Diabet,Kəşf,Kaliforniya Universiteti,İnsulin,Todaypress.tv,
