Braziliyada turist öz qazdığı qum çuxurunda batdı

Maraqlı

21.05.2025 19:00

6

Braziliyada, məşhur Kopakabana çimərliyində qəribə və təhlükəli hadisə baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Britaniyadan olan 22 yaşlı turist Cinson Störcon dənizkənarı istirahəti zamanı qazdığı çuxurda bataraq üç saata yaxın qumun içində köməksiz vəziyyətdə qalıb.

Störcon, guya insanın yerin altına nə qədər dərinliyə enə biləcəyini yoxlamaq məqsədilə çimərlikdə qum qazmağa başlayıb. Məqsədi yeraltı sulara çatmaq olub. Lakin gözlənilmədən altındakı qum yumşalıb və onu "qum tələsi" kimi içəri çökdürüb. Gənc turist belinə qədər qumun içində batıb və hərəkətsiz qalıb.

Hadisənin şahidi olan insanlar, ətrafdakı satıcılar və xilasetmə xidmətinin əməkdaşları, ümumilikdə 30-dan çox könüllü dərhal köməyə gəlib. Bəziləri əlləri ilə qumu qazmağa çalışıb, bəziləri isə taxtalar və iplər vasitəsilə Störconu çıxarmağa cəhd edib. Ancaq dərinliyə düşən turistin ayaqları qumun içində möhkəm sıxıldığı üçün bu asan olmayıb.

“Artıq sonumun gəldiyini düşünürdüm. Amma məni xilas edən insanlara böyük minnətdaram. Rio sakinlərinə təşəkkür edirəm!” deyə Cinson Störcon hadisədən sonra bildirib.

Hadisə turistlərin çimərlikdə təhlükəsiz davranış qaydalarına riayət etməsinin vacibliyini bir daha gündəmə gətirib. Yerli hakimiyyət orqanları bu tip hadisələrin qarşısını almaq üçün xəbərdarlıq ediblər.

Töhfə Səməd

tag: Braziliya,Kopakabana,Çimərlik,Qum,Turist,Bataqlıq,todaypress.tv,