Bildirilir ki, cihaz Şençjen şəhərində yerləşən məşhur Huaqiangbei elektronika bazarı ilə əlaqəli ustalar tərəfindən dəyişdirilib. SIM kart yuvası USB-C portunun yanında yerləşdirilib ki, bu da smartfonun daxili quruluşunda ciddi dəyişikliklər tələb edib. Xüsusilə, orijinal Taptic Engine vibrasiya mühərriki daha kompakt versiya ilə əvəz olunub və bununla da SIM kart oxuyucusu üçün əlavə yer yaradılıb.
Paylaşılan görüntülərdə modifikasiya edilmiş iPhone Air-in China Telecom SIM kartı ilə işlədiyi, səsli zənglər etdiyi və 5G mobil şəbəkəsinə qoşulduğu aydın görünür. Həmçinin qeyd olunur ki, dəyişikliklərə baxmayaraq, smartfon IP68 toz və suya davamlılıq göstəricisini qoruyub saxlayıb.
Xatırladaq ki, iPhone Air rəsmi olaraq 9 sentyabr 2025-ci ildə iPhone 17 seriyasının digər modelləri ilə birlikdə təqdim edilib. Qlobal satışlar 19 sentyabr 2025-ci ildə başlayıb. Çində isə model eSIM texnologiyasının istifadəsinə tənzimləyici qurumlar və mobil operatorlar tərəfindən icazə verildikdən sonra, 22 oktyabr 2025-ci ildə satışa çıxarılıb.
Jalə Rövşən
