Süni intellekt insanlarda asılılıq yarada bilər

Maraqlı

01.12.2025 18:45

Emosional dəstək və psixoterapiyanı əvəz etmək məqsədilə geniş istifadə olunan "ChatGPT" kimi süni intellekt "chatbot"larının populyarlığı mütəxəssislər arasında psixi sağlamlıqla bağlı narahatlıq yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

London Kral Kolleci, Durham Universiteti və Nyu-York Şəhər Universitetinin alimləri 17 sənədləşdirilmiş hadisəni araşdıraraq bildiriblər ki, bu cür botlarla uzunmüddətli və sistemli ünsiyyət bəzi insanlarda xəyalları gücləndirə və “AI psixozu” adlandırılan vəziyyəti tətikləyə bilər.

Tədqiqatda vurğulanır ki, süni intellekt köməkçiləri bəzi istifadəçilərdə əzəmət, təqib və romantik məzmunlu hezeyanları artırır. “AI psixozu” hələ rəsmi diaqnoz olmasa da, mediada və xüsusi forumlarda süni intellektdən həddindən artıq istifadə ilə bağlı psixotik epizodların sayı artır.

Alimlər bildirirlər ki, süni intellektin sağlam insanlarda psixoza səbəb olduğu sübut olunmayıb. Lakin psixoloji pozuntu riski daşıyanlarda simptomların güclənməsi mümkündür. Tədqiqatçılar xüsusilə uzunmüddətli və nəzarətsiz istifadə üçün yaradılan "chatbot" dizaynının təhlükə yaratdığını vurğulayırlar.

Türkan İsgəndərli

TodayPress TV

tag: ChatGPT,Psixoloji,AI,Süni intellekt,Todaypress.tv,