"Hamımız öləcəyik!" - Süni intellekt bəşəriyyətin sonunu gətirir?

Maraqlı

12.02.2026 18:45

Süni intellekt səbəbindən dünyanın sonunun yaxınlaşması ideyası ən güclü proqramçıların belə zehnini məşğul edir. Onlar bəşəriyyətə cəmi iki il vaxt qaldığını iddia edirlər.

TodayPress TV xəbər verir ki, bu haqda "Lenta.ru"da məqalə dərc olunub.

Belə ki, süni intellektin idarə etdiyi qaçılmaz fəlakət ideyası ABŞ-də getdikcə daha populyarlaşır.

Ən güclü süni intellekt sistemlərinin yaradıldığı şəhərdə artıq həyəcan siqnalları duyulur. Küçələrdə robot avtomobillər yandırılır, bəzi neyron şəbəkə inkişaf etdiriciləri bioloji təhlükələrə qarşı sığınacaqlar tikir, keçmiş kriptovalyuta həvəskarları isə son vəsaitlərini xərcləyirlər. Onların fikrincə, bəşəriyyətin rifahı, hətta mövcudluğu üçün cəmi bir neçə il qalıb.

2025-ci ilin noyabrında San-Fransisko polisi "ChatGPT"ni yaradan "OpenAI" şirkətinin ofisi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirdi. Buna səbəb süni intellektin qadağan olunmasına çağıran "Stop AI" təşkilatının qurucularından Sem Kirşnerin yoxa çıxması və onun silahlı hücum planlaşdırdığı barədə məlumatlar idi. Təşkilat üzvləri daha əvvəl etiraz aksiyaları keçirsələr də, zorakılığa əl atmamışdılar.

Kirşner və tərəfdarları hesab edirdilər ki, indiki çatbotlar yalnız başlanğıcdır və yaxın gələcəkdə vəziyyət nəzarətdən çıxa bilər. O, müsahibələrində fəlakətin qarşısını almaq üçün həyatını riskə atmağa hazır olduğunu demişdi. Lakin planlaşdırıldığı iddia edilən hücum baş vermədi. Buna baxmayaraq, onun fikirlərini bölüşənlərin sayı artır.

Etirazların hədəflərindən biri də məlumat mərkəzləridir. Süni intellekt sistemləri və rəqəmsal xidmətlər məhz bu mərkəzlərdə yerləşən minlərlə server vasitəsilə işləyir. Böyük məlumat mərkəzləri ciddi enerji sərf edir və ətraf mühitə təsir göstərir. ABŞ və Qərbi Avropada bir sıra icmalar bu obyektlərin tikintisinə qarşı çıxıb, bəzi hallarda layihələrin dayandırılmasına nail olublar.

Texnologiya sahəsində çalışan bəzi mütəxəssislər isə fərqli təhlükə görürlər. Onların fikrincə, süni intellekt sürətlə inkişaf edərək proqramçıları və digər ofis işçilərini əvəz edə bilər. Bu isə kütləvi işsizliyə və sosial bərabərsizliyin artmasına səbəb ola bilər. Bəziləri yaxın illərdə varlanmağa çalışır, digərləri isə ümumiyyətlə uzunmüddətli plan qurmağın mənasız olduğunu düşünür.

"Anthropic" şirkətinin tədqiqatçısı Trenton Bricken və keçmiş "OpenAI" əməkdaşı Daniel Kokotailo kimi şəxslər açıq şəkildə bildirirlər ki, yaxın iki ildə ciddi dəyişikliklər gözləyirlər və uzaq gələcəyə dair planlar qurmaq çətindir. Onların fikrincə, süni intellektin geosiyasi və texnoloji təsirləri qlobal sabitliyi sarsıda bilər.

Süni intellekt təhlükəsi barədə ən radikal mövqelərdən biri Maşın Zəkası Tədqiqat İnstitutunun qurucusu Eliezer Yudkovskiyə məxsusdur. O, uzun illərdir superintellektin insan maraqlarına uyğun davranmayacağı ehtimalını irəli sürür. Yudkovski hesab edir ki, nəzarətsiz inkişaf edilən süni superintellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər.

Onun fikrincə, süni intellekt sahəsində ciddi beynəlxalq nəzarət mexanizmləri yaradılmalıdır. Lakin Yudkovskinin proqnozları elmi hesablamalara deyil, daha çox ehtimallara əsaslanır və bir çox mütəxəssis tərəfindən mübahisəli sayılır.

Hazırda süni intellekt sahəsində həm böyük ümidlər, həm də dərin qorxular mövcuddur. Bir tərəf bu texnologiyanı iqtisadi və elmi sıçrayış kimi görür, digər tərəf isə nəzarətsiz inkişafın ağır nəticələr verə biləcəyindən ehtiyat edir. Reallıq isə hələlik bu iki mövqenin arasında formalaşır.

Jalə Rövşən 

TodayPress TV

tag: Süni intellekt ,ChatGPT,Open Aİ,Bəşəriyyət ,Todaypress.tv,