Vendel faktoru: Semak vəziyyəti nəzarətdə saxlamalıdır

İdman

21.01.2026 17:05

Rusiyanın “Zenit” klubunun baş məşqçisi Sergey Semak yarımmüdafiəçi  Vendelin davranışına görə komandanı itirə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sport uik-end” nəşri məlumat yayıb. 

“Çernomorets”, ÇSKA və Moskva “Torpedo”sunun sabiq futbolçusu Denis Popov “Zenit”in yarımmüdafiəçisi Vendelin qış toplanışına gecikməsinin komandanın daxilindəki vəziyyətə mümkün təsiri barədə fikirlərini bölüşüb. 

Onun sözlərinə görə, əgər futbolçuya bu cür davranışa icazə verilirsə, bu artıq klubla oyunçu arasında formalaşmış münasibətlər sistemidir. Lakin əsas məsələ bunun Vendelin oyununa və ümumilikdə komandadakı ab-havaya necə təsir göstərməsidir.

“Belə vəziyyət yaranmamalıdır ki, bir futbolçuya hər şey icazəlidir, digərlərinə isə heç nə. Bu artıq baş məşqçi və klub rəhbərliyi üçün sualdır - vəziyyət nə dərəcədə nəzarət altındadır və necə idarə olunur. Əgər bu, komandaya zərər vurmursa, qoy Vendel gec gəlsin. 

Braziliyalı futbolçular nizam-intizam baxımından çox çətin xarakterə malikdirlər. Onlarla işləyərkən həmişə diqqətli olmaq və bu cür həssas vəziyyətlərə hazır olmaq lazımdır. Bir futbolçunu itirmək başqa şeydir, bir futbolçuya görə bütün komandanı itirmək isə tamam fərqlidir”, - deyə Popov bildirib.

Qeyd edək ki, Sankt-Peterburq təmsilçisinin baş məşqçisi Sergey Semak braziliyalı futbolçunun toplanışa vaxtında qoşulmamasına görə cərimə ödəməyə hazır olduğunu bildirib.

Namiq HUN

TodayPress TV

tag: Rusiya,Zenit,Sergey Semak,Vendel,Todaypress.tv,