Sona Ağayeva tarix yazdı: Azərbaycana boccia üzrə ilk dünya medalı

Sona Ağayeva tarix yazdı: Azərbaycana boccia üzrə ilk dünya medalı
31.08.2026 10:24 İdman

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən boccia üzrə dünya çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi Sona Ağayeva yarışda bürünc medal qazanıb.

BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçımız qrup mərhələsində slovakiyalı Nina Melicherova üzərində qələbə qazanıb, İndoneziya təmsilçisi Gischa Zayana ilə qarşılaşmada isə məğlub olub. Bu nəticə ilə qrup mərhələsini ikinci pillədə başa vuran Ağayeva növbəti mərhələyə yüksəlib.

Sona Ağayeva 1/8 finalda dünya reytinqinin 7-ci pilləsində qərarlaşan Böyük Britaniya təmsilçisi Kayleigh Brown, 1/4 finalda isə reytinqdə 8-ci olan çexiyalı Jirina Kreibichova üzərində qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.

Yarımfinalda son Paralimpiya çempionu, portuqaliyalı Cristina Gonçalves ilə qarşılaşan Ağayeva məğlub olub.

Bürünc medal uğrunda görüşdə isə dünya reytinqinin 3-cü pilləsində yer alan Cənubi Koreya təmsilçisi Ahyoung Choi ilə üz-üzə gələn idmançımız qələbə qazanaraq mundialın bürünc medalına sahib çıxıb.

Bu nəticə boccia üzrə Azərbaycan paralimpiya hərəkatının Avropa və dünya çempionatlarında qazandığı ilk medal kimi tarixə düşüb.

Qeyd edək ki, Seulda keçirilən dünya çempionatı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Sona Ağayeva tarix yazdı: Azərbaycana boccia üzrə ilk dünya medalı — 1
XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər