Şanssız gecə: Flik məğlubiyyətin səbəbini açıqladı
İdman
19.01.2026 09:08
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının XX turunda “Real Sosyedad”a qarşı keçirilən oyunda (1:2) qeydə alınan məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
Alman mütəxəssis nəticədən məyus olduğunu gizlətməyib:
“Məyusam. Biz yaxşı oyun göstərdik və çoxlu qol imkanları yaratdıq, amma yekun hesab meydandakı oyuna uyğun olmadı. Elə anlar olur ki, hər şeyi düzgün edirsən, amma bəxt sənin tərəfində olmur. Müdafiədə daha etibarlı oynamalı olduğumuz epizodlar var idi, lakin sonda bu futboldur”.
Görüş zamanı hakim katalonların bir neçə qolunu ləğv edib, onlardan ikisi VAR-a baxıldıqdan sonra qeydə alınmayıb. Matçdan sonra Flik Xesus Hil Mansanonun davranışını tənqid edib:
“Mən La Liqa hakimləri barədə həmişə yaxşı danışıram, burada çox yaxşı hakimlər var. Amma bu biri var… Hamı onun necə biri olduğunu bilir. Frenki dedi ki, hakim təkəbbürlü idi və o haqlı idi. Bu axşam onun nə etdiyini hamı gördü”.
Qeyd edək ki, “Barselona” 20 turdan sonra 49 xalla La Liqa turnir cədvəlinə başçılıq edir. “Real Sosyedad” isə 24 xalla doqquzuncu pillədə qərarlaşıb.
Namiq HUN
tag: Barselona,İspaniya,La liqa,Flik,Todaypress.tv,
